Nardaran sakinindən tüfəng tapıldı
Bakıda Nardaran sakinindən odlu silah götürülüb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Maarif Məmmədovda odlu silah-sursat olması barədə məlumat daxil olub.
Bölmə əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Onun Nardaran-Maştağa massivində yaşadığı evə baxış keçirilən zaman orada gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, həmçinin 5 ədəd patron aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.