Skripal "düyün"ü Rusiya ilə İngiltərəni qarşı-qarşıya qoydu - SANKSİYALAR GÖZLƏNİLİR
Böyük Britaniyada sabiq Rusiya polkovniki, casusluqda ittiham olunan Sergey Skripalın Rusiya istehsalı olan bir maddə ilə zəhərlənməsinin ortaya çıxmasından sonra iki ölkə arasında gərginlik artıb. APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, ingilis baş nazir Tereza Mey sui-qəsd ehtimalı ilə aparılan araşdırmalarda bunun arxasında Rusiyanın dayandığını deyərək, rəsmi Kremlə qarşı sanksiyaların tətbiq olunacağına işarə edib.
Baş nazir rus diplomatların deportasiya edilməsinin və maliyyə sanksiyalarının işə salınmasının gündəmdə olduğunu dilə gətirib. Ancaq Rusiya bu günə qədər ittihamları konkret şəkildə rədd edir. Rəsmi Moskva bunu seçkiqabağı ərəfədə Rusiyanın nüfuzuna xələl gətirilməsi kimi qiymətləndirib.
Digər tərəfdən, bu gərgin dövrdə ABŞ-ın münasibəti də diqqət çəkib. Ağ Ev əvvəlcə hadisədə Rusiyanı günahlandırmaqdan çəkinmişdi. Ancaq "Skripalı zəhərləyənin Rusiya olduğu dəqiqdir" ifadəsini işlədən Reks Tillersonun ABŞ-ın dövlət katibi vəzifəsindən kənarlaşdırılması rəsmi Vaşinqtonun öz tarixi müttəfiqi İngiltərəyə dəstəyini əsirgəməsi kimi iddiaların ortaya çıxmasına səbəb olub.
Skripalın zəhərlənməsi ilə bağlı istintaq bu mürəkkəb vəziyyətin fonunda davam edir. Keçmiş rus agentinin və onun qızının komaya düşməsinə səbəb olan sui-qəsd cəhdi ilə bağlı araşdırmaların hələ uzun sürəcəyi bildirilir.