Masallı xəstəxanasında Hemodializ şöbəsi fəaliyyətə başlayıb
Masallı Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsi fəaliyyətə başlayıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, Masallı Rayon Mərkəzi Xəstəxanasında əvvəllər dializ şöbəsi olmadığından, xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr qonşu rayonlara üz tutmalı olurdular.
Şöbənin açılması xəstələrin də ürəyincə olub. Burada göstərilən xidmətlərdən Masallı sakinləri ilə yanaşı, Yardımlı rayonundan olan xroniki xəstələr də yararlanır:
Şöbə müdiri Eşqin Əliyev deyir ki, şöbədə Almaniyadan gətirilmiş müasir aparatlar vasitəsilə həftənin üç günü, gündə 3 seans olmaqla böyrək çatışmazlığından əziyyət çəkən 24 pasienti qəbul etmək mümkündür: “Şöbəmiz 8 çarpayıdan ibarətdir. Gün ərzində 24 xəstə qəbul edə bilirik. Xəstələr lazımi şəraitlə təmin olunub. Dövlət tərəfindən pulsuz dərman vasitələri ilə təchiz olunurlar. Xəstələr Hemodializ şöbəsi Masallıda açılmamışdan qabaq Lənkəran şəhərinə, Biləsuvar rayonuna, Cəlilabad rayonuna, hətta Astara rayonuna gedən xəstələrimiz var idi. Bu da xəstələr üçün çətinlik törədirdi”.
Qeyd edək ki, hazırda Masallı Rayon Mərkəzi Xəstəxanasının Hemodializ şöbəsində böyrək çatışmazlığından əziyyət çəkən 60 nəfər müalicə alır. Onların müalicəsi ilə ikisi həkim olmaqla, ümumilikdə 11 nəfərlik tibbi heyət məşğul olur.