Türkiyədə seçki qanunvericiliyinə ciddi dəyişikliklər edildi

Türkiyə Böyük Millət Məclisi seçki ittifaqlarının yaradılması və seçkilərin şəffaflığını artırmağı nəzərdə tutan 26 maddəlik qanun layihəsini qəbul edib.

 

APA TV-nin xəbərinə görə, 20 saat davam edən müzakirələrdən sonra qəbul olunan qanun layihəsi seçkilərlə bağlı bir sıra yenilikləri nəzərdə tutur.

 

Qanuna əsasən, siyasi partiyalar seçkilərə ittifaq şəklində gedə biləcəklər. Seçkilərdə iştirak hüququ olan partiya bu hüququndan istifadə etməsə, o partiyanın üzvləri başqa partiyadan namizəd göstərilə bilər. Seçki ittifaqının topladığı səslər 10 faizdən artıq olarsa, ittifaqda təmsil olunan bütün partiyalar seçki baryerini keçmiş sayılır. İttifaqa qoşulan partiyaların adları bülletenlərə fərdi şəkildə daxil ediləcək, partiyalara verilən səslər toplanaraq seçki ittifaqının adına hesablanacaq.

 

Seçki qanunvericiliyinə bu dəyişikliklər seçkilərdə 10 faizlik baryeri aşması mümkünsüz görünən partiyaların ittifaq şəklində parlamentdə təmsil olunmasına imkan yaradır. Son anket sorğularında Milliyyətçi Hərəkat Partiyasının seçki baryerini aşa bilməməsi görünürdü, yerli mətbuat MHP-nin AKP ilə seçki ittifaqına girərək, bu problemi aradan qaldıracağını yazır.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı