"Qardaşım donorum olacaq, amma əməliyyata pulumuz yoxdur" - BİR ATANIN FƏRYADI
52 yaşlı Rasim Qabil oğlu Ağayev qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkir.
APA TV-nin xəbərinə görə, paytaxtın Nizami rayonu Mehdi Abbasov küçəsi ev 6 a, mənzil 45 ünvanında yaşayan Rasim müəllim ağır xəstəliyə düçar olduğu gündən işsizdir. İki övlad atası olan həmsöhbətimiz deyir ki, həkimlərin rəyinə əsasən, o, xroniki Hepatit "C" virusuna dişinin müalicəsi zamanı yoluxub: "3 ildir əziyyət çəkirəm. Amma 3 ay olar ki, diaqnozum dəqiqləşib və bilmişəm ki, sirrozam. Tez-tez təngnəfəs oluram, qarnıma mütəmadi su yığılır. Getdikcə çəki itirirəm, üzüm arıqlayır, amma qarnım şişir. Sidikqovucu olmasa, səhhətim daha da kəskinləşir".
Səhhətinin ağırlaşdığını görən Rasim müəllimə ilk diaqnoz 1 saylı Kliniki Tibbi Mərkəzdə qoyulub: "14 gün müalicə olundum. Qaraciyərimi dondurdular. Bundan sonra müalicəmi dayandırdılar və evə buraxdılar. İmkanın olmadı ki, müalicəmi davam edim. Qalmışam belə".
Rasim müəllimin ailə üzvləri də işsizdir. İki yeniyetmə övladı var. Ailəsi isə xəstəyə baxmaq məcburiyyətindədir. Onun təcili qaraciyər transplantasiyasına ehtiyacı var: "Çox dəhşətli ağrılarım olur. Ağzım o qədər quru olur ki, elə bilirəm şəkərəm. Əməliyyat üçün Mərkəzi Neftçilər Xəstəxanasına müraciət etmişəm. Donor əgər olarsa, qiymət 45 min manata başa gəlir. Donorum var, qardaşım olacaq. Amma maddi durumum buna imkan vermir".
Ailə xəstəyə yardım olunması üçün Səhiyyə Nazirliyinə və Heydər Əliyev Fonduna müraciət edib. Amma müraciətinə hələ ki, müsbət cavab verilməyib. Məcbur qalan ailə yaşadığı iki otaqlı mənzili satışa çıxarıb.
Artıq Rasim Ağayevin adına "Bank Respublika"da hesab nömrəsi də açılıb.
Bank Respublika ASC Neftçilər filialı
Kod: 50 27 02 VÖEN 99 00001901
M/h AZ80NABZ01350100000000014944
SWIFT: BRESAZ22
İmkanlı şəxslərdən Rasim Ağayevə kömək etmələri xahiş olunur.