Britaniya Rusiya ilə əlaqələri kəsdi - 23 RUS DİPLOMATI QOVDU
Böyük Britaniya rusiyalı diplomatları ölkədən qovur.
APA TV-nin "BBC News" telekanalına istinadən xəbərinə görə, Birləşmiş Krallığın baş naziri Tereza Mey 23 rusiyalı diplomatın ölkədən çıxarılması barədə göstəriş verib.
Buna səbəb ölkə ərazisində - Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə həyata keçirilən hücumdur.
Mey parlamentdəki çıxışında deyib ki, bu diplomatlar Rusiya kəşfiyyatının əməkdaşlarıdır və onlara ölkəni tərk etmək üçün 1 həftə vaxt verilir. “Rusiya bu iyrənc əmələ görə cavabdehdir. Biz onlara izahat üçün vaxt verdik, onlar bu məhlulun Böyük Britaniyaya necə düşdüyünü izah edə bilərdilər, lakin əvəzində sarkazmla reaksiya verdilər və ittihamları inkar etdilər. Heç bir şübhə yoxdur ki, Rusiya hökuməti cənab Skripala və onun qızına qarşı sui-qəsddə günahkardır”, - deyə T.Mey söyləyib.
Baş nazir Rusiya ilə bütün ikitərəfli təmasları dayandırdıqlarını və bu ölkədə keçiriləcək dünya çempionatına heç bir hökumət nümayəndəsinin və kral ailəsi üzvlərinin qatılmayacağını bəyan edib: "Əvvəlki əlaqələr artıq mümkün deyil".
T.Mey sanksiyalarla bağlı qanunvericiliyə düzəlişlər təklif edəcəklərini söyləyib. O, hadisə barədə BMT və NATO-da məsələ qaldıracaqlarını də əlavə edib.
Qeyd edək ki, artıq Rusiyanın Böyük Britaniyadakı səfiri Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinə çağırılıb və diplomatların ölkəni tərk etməsi üçün bir həftə vaxt verildiyi bildirilib.