Azərbaycan prezidenti Türkiyənin baş nazirini qəbul edib
Martın 14-də Azərbaycana səfərə gələn Türkiyənin baş naziri Binəli Yıldırımın rəsmi qarşılanma mərasimi olub.
APA TV-nin məlumatına görə, Binəli Yıldırımı Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.
Rəsmi foto çəkdirildikdən sonra prezident İlham Əliyevlə Türkiyənin baş naziri Binəli Yıldırım arasında təkbətək görüş olub.
Qonağı səmimiyyətlə salamlayan prezident İlham Əliyev qardaş ölkənin baş nazirinin səfərinə Azərbaycanda böyük önəm verildiyini bildirib. Binəli Yıldırımın bu səfərinin çox uğurlu olacağına əminliyini ifadə edən dövlət başçısı Türkiyə ilə ölkəmiz arasında qardaşlıq və dostluq münasibətlərinin bundan sonra daha da inkişaf edəcəyini bildirib.
Bütün məsələlərdə ölkələrimizin bir-birinin mövqeyinə verdiyi dəstəkdən danışan prezident İlham Əliyev qeyd edib ki, bu dəstək bundan sonra da davam etdirilməlidir. Dövlət başçısı hər iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə mövcud yüksək səviyyəli əməkdaşlıqdan bəhs edərək, siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu, habelə iqtisadi sahədə uğurlu nəticələr əldə olunduğunu bildirib.
Dövlət başçısı eyni zamanda ötən il qarşılıqlı ticarət dövriyyəsinin artdığını, həm də qarşılıqlı sərmayə qoyuluşunda müsbət artımın olduğunu və bu rəqəmin 10 milyard dolları keçdiyini ifadə edib.
Cari ildə TANAP layihəsinin istismara veriləcəyini xatırladan prezident İlham Əliyev bunu tarixi hadisə olaraq dəyərləndirib.
Öz növbəsində Azərbaycanla Türkiyənin bir millət, iki dövlət olduğunu vurğulayan Türkiyənin baş naziri Binəli Yıldırım ölkələrimiz arasındakı əlaqələrin zaman keçdikcə daha da inkişaf etdiyini vurğulayıb və bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstanın həyata keçirdiyi layihələr təkcə regional deyil, həm də qlobal xarakter daşıyır və Avropanın maraqlarına da cavab verməklə, regionun enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.
Görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Binəli Yıldırım birlikdə nahar ediblər.