Mingəçevirdə oğru dəstəsi ələ keçdi - ÇOXLU EVƏ GİRİBLƏR
Mingəçevirdə mənzillərdən silsilə oğurluq edən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki şəhərində regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, ötən il dekabrın 12-də Mingəçevir şəhər sakini Ellada Kərimli şəhər polis şöbəsinə ərizə ilə müraciət edərək kürəkəninə məxsus bərbərxanadan televizorun oğurlanması barədə məlumat verib.
Mingəçevir ŞPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Arzuman Rəhimov və Asiman Allahverdiyev saxlanaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayəti etiraf edib.
Aparılan araşdırmalar zamanı həmin şəxslərin törətdiyi başqa cinayət əməllərinin də üstü açılıb. Müəyyən edilib ki, Arzumanla Asiman ötən ilin dekabr ayında Mingəçevir şəhər sakininə məxsus mənzildən 8 min manat dəyərində məişət əşyaları da oğurlayıb.
Saxlanılan şəxslərdən A.Rəhimovun daha bir evdən 1000 manat dəyərində televizor oğurladığı da üzə çıxıb. Ümumilikdə oğurlanan avadanlıqların az bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı Mingəçevir ŞPŞ-nin istintaq bölməsində araşdırma aparılır.