Sofiyada “Əli və Nino” filmi nümayiş olunub

Sofiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş olunub.

 

APA TV-nin xəbərinə görə, tədbir Azərbaycanın Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi münasibətilə Sofiya Beynəlxalq Film Festivalı çərçivəsində baş tutub.

 

Gecənin açılışında çıxış edən səfir Nərgiz Qurbanova 2018-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edildiyini, AXC-nin yaranmasının Azərbaycan tarixinin şanlı səhifələrindən biri olduğunu söyləyib. Səfir 100 il öncə qadınlara səsvermə hüququ verən AXC-nin müsəlman Şərqində qadınlara bərabər siyasi hüquqlar verən ilk dövlət olduğunu və bu göstəriciyə görə bir çox Avropa ölkələrini qabaqladığını vurğulayıb. N.Qurbanova qonaqlara 2018-ci ilin Azərbaycan prezidenti tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunduğunu, həmçinin cari ilin Azərbaycan milli kinematoqrafiyasının 120 illik yubileyi ilə əlamətdar olduğunu bildirib.

 

Səfir əlavə edib ki, gecədə nümayiş olunacaq “Əli və Nino” filmi sözügedən yubileylərlə yaxından bağlıdır. Filmin Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsi fonunda iki gəncin məhəbbət hekayəsindən bəhs etdiyini vurğulayan N.Qurbanova filmdəki hadisələrin Tbilisi, Tehran, Dağıstan, eləcə də Bakıda İçəri Şəhər, Gəncə və Dağlıq Qarabağda Azərbaycanın mədəni mərkəzi olan və hazırda Ermənistan tərəfindən işğal altında olan Şuşada cərəyan etdiyi barədə məlumat verib.

 

Sonra film nümayiş olunub və izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Film nümayişindən sonra ziyafət təşkil olunub.

 

Tədbir Bolqarıstan KİV-ləri tərəfindən işıqlandırılıb.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli