Qabil Abbasoğlu və Telli Pənahqızı Ali Media Mükafatına layiq görüldü

“Son 15 ildə Azərbaycan Mətbuat Şurası söz və fikir azadlığının möhkəmlənməsində, inkişafında mühüm rol oynayıb”.

 

APA TV-nin məlumatına görə, bu fikirləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

 

O, Şuranın yaradılmasının 15 illiyi münasibətilə təşkil olunan gecədə media ilə ictimaiyyət, eləcə də media ilə hakimiyyət arasında münasibətlərin tənzimlənməsində Mətbuat Şurasının misilsiz rolu olduğunu vurğulayıb: “Azərbaycan Mətbuat Şurası 15 il əvvəl bir qrup tərəfindən yaradılmayıb. Mətbuat Şurasını 250 KİV yaradıb. Azərbaycan Mətbuat Şurası kiminsə şəxsi həyatına bilərəkdən müdaxilə olunmasına, şərəf və ləyaqətinin alçaldılmasına imkan verməyib. Buna görə də ictimaiyyət Mətbuat Şurasının simasında ümid yerini gördü”.

 

Əflatun Amaşov əlavə edib ki, şura bundan sonrakı mərhələdə reklam bazarını gücləndirməyə, yazılı mətbuat orqanlarının satışının artırılmasına çalışacaq: “Yaxın günlərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi və ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı əfv gözlənilir. Hazırda jurnalist adı daşıyan, lakin başqa səbəblərə görə həbs olunan jurnalistlərimiz var. Biz həmin jurnalistlərin azadlığa çıxması üçün təşəbbüslə çıxış edirik. Bu məsələni həyata keçirməyə çalışacağıq”.

 

Daha sonra Azərbaycanın dövlət himni səslənib.

 

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov milli mətbuatın inkişafında Mətbuat Şurasının xüsusi rol oynadığını bildirib: “Mətbuat Şurası cəmiyyətimizdə, jurnalist ictimaiyyəti, ayrı-ayrı vətəndaşlar, o cümlədən dövlət qurumları arasında özünəməxsus nüfuz qazanıb. Əflatun Amaşov bir neçə gün öncə yenidən quruma sədr seçilib. Onu və İdarə Heyətinin yeni üzvlərini bir daha təbrik edirəm”.

 

Mərasimdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes çıxış edərək bildiriblər ki, Mətbuat Şurası yarandığı gündən qurumla sıx əməkdaşlıq edirlər. Professor Şirməmməd Hüseynov da Mətbuat Şurasını 15 illik yubiley münasibətilə təbrik edib, qurumun gələcək fəaliyyətində uğurlar arzu edib.

 

Daha sonra Mətbuat Şurasının 15 illik fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirilib.  

 

Mərasimin davamında Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatı laureatlara  təqdim olunub.

 

"APA Holding"ə daxil olan Lent.az informasiya agentliyinin baş direktoru Qabil Abbasoğlu jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə II dərəcəli Ali Media Mükafatına layiq görülüb.

 

Ali Media Mükafatının I dərəcə üzrə laureatı isə Telli Pənahqızı olub. 

 

Mərasim bədii hissə ilə davam edib.

Müəllif | Apa.Tv
Nigar Həsənli