Atəş altında qara bayram - REPORTAJ
Ağdamın Baş Qərvənd və Mirəşelli kənd məzarlığı düşmən mövqelərinin 100 metrliyində yerləşir.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, uzun illərdir ermənilər bu qəbiristanlığa ziyarətə gələnləri atəş altında saxlayırdı.
Azərbaycan Müdafiə Nazirliyinin qoşunların təmas xəttində yeni qurduğu mühəndis-istehkam və mühafizə qurğuları sayəsində son vaxtlar kənd sakinləri yaxınlarının məzarını həyati təhlükə olmadan ziyarət edə bilirlər.
Adətə görə, xalqımız hər il Novruzun axırıncı çərşənbəsindən əvvəl gələn cümə axşamını qara bayram kimi qeyd edir. Amma neçə illərdir cəbhəyanı kənd sakinləri qara bayramı güllə yağışı altında çətinliklə qeyd edirlər. Buradakı qəbir daşları ölümündən sonra güllə yarası alanlardır. Eləsi var 20 il, eləsi var 100-150 əvvəl dünyasını dəyişsə də, yenidən ermənilərin hədəfinə çevrilir.
Neçə illərdir belə davam edir. Ermənilər məzarlıqları dağıdır, qəbirüstü tarixi abidələri məhv edir. Burda hər kəs yaxınlarını ziyarət etməkdə çətinlik çəkir. Bu gün havanın dumanlı olması onların işini bir az rahatlaşdırsa da, duman çəkilər-çəkilməz atəş səsləri eşidilməyə başlayır. Bu da qadınların narahatlığına səbəb olur.
Qoşunların təmas xəttində yeni qurulan mühəndis-istehkam və mühafizə qurğuları sayəsində yerli sakinlər cəbhəyə yaxın olan məzarlığı asanlıqla ziyarət edə bildilər. Lakin bu ərazilərin partlamamış mina və hərbi sursatlarla çirkləndiyinin fərqindədirlər. Eyni zamanda qarşı tərəfdə düşmənin olduğunu da bilirlər. Bu səbəbdən hər hansı təhlükə yaşanmadan ərazini tez tərk etməyə çalışırlar.