Azərbaycan, Türkiyə, İran və Gürcüstanın XİN başçıları Bakıda görüşdü
Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstanın xarici işlər nazirlərinin dördtərəfli formatda I görüşü keçirilib.
APA TV-nin məlumatına görə, danışıqlarda Şimal-Cənub, Şərq-Qərb, habelə təklif olunan yeni Cənub-Qərb nəqliyyat dəhlizləri, müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq, habelə regional və qlobal iqtisadi layihələrdə birgə tərəfdaşlıq məsələləri müzakirə olunub, əməkdaşlığın daha da genişləndirilməsi qərara alınıb.
Görüşdən sonra Azərbaycan, Türkiyə, İran və Gürcüstanın baş diplomatları mətbuata bəyanatlarla çıxış ediblər. İlk növbədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cənub-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi üçün dəhlizin arealında yerləşən ölkələrin layihəyə qoşulmasının vacibliyini önə çəkib. Onun sözlərinə görə, artıq Hindistan və Vyetnam da regiondakı yeni nəqliyyat dəhlizlərinə qoşulmaq niyyətini açıqlayıblar:"Əgər siz coğrafi baxımdan baxsanız, bu o qədər də asan məsələ deyil. Çünki ilk növbədə o biri nazirlər də gərək qoşulsun. Artıq xarici işlər nazirləri səviyyəsində siyasi mövqeyimizi açıqlamışıq. Bakı bəyannaməsində iqtisadi, ticari, enerji, nəqliyyat və humanitar məsələlər öz əksini tapıb".
Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze isə paytaxtımızın belə mühüm görüşlər üçün uyğun platforma olduğunu vurğulayıb:"Bizim üçün əlaqələr çox vacibdir. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Biz bölgədə sülh və sabitliyin tərəfdarıyıq. Ölkələrimizin dördtərəfli əməkdaşlığına regionun çiçəklənməsi baxımından böyük önəm veririk".
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə çıxışında ölkəsinin regional əməkdaşlığa ehtiyac duyduğunu nəzərə çatdırıb:"Bizim regional əməkdaşlığa ehtiyacımız var. Bizim ölkələri bir-birinə bağlayan cəhətlər var. Ölkəmiz əlbəttə ki, iki, üç və dördtərəfli çoxşaxəli əməkdaşlığı reallaşdırmaq istəyir. İlk növbədə beynəlxalq hüquqa hörmət bu əməkdaşlığı gücləndirəcək".
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə, Azərbaycan, İran və Gürcüstandan olan iş adamlarına adı çəkilən ölkələrdə faydalı biznes mühiti yaradılacaq:"İş adamlarımıza dörd ölkədə, hətta müştərək sərmayə qoyuluşları üçün uyğun şəraiti yaratmağımız vacibdir ki, sərmayələrin həcmini də ölkələrimizdə artıraq. Bunun üçün ticarət, sərmayə, həm də nəqliyyat şəbəkələrimizi də gücləndirməyimiz lazımdır. Bu məsələdə önəmli layihələrimiz də var. Nəqliyyat şəbəkəmizi gücləndirsək ticarət həcmi də, ölkələrimizə gələn turistlərin sayı da artacaq".
Nazirlər bildirib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə düşməsi nəticəsində Cənubi Avropadan Asiyaya yükdaşımaları daha qısa zamanda həyata keçiriləcək. Bundan başqa, Rəşt-Astara dəmir yolu şəbəkəsinin işə düşməsi də hər iki dövlət üçün sərfəli olacaq.
Sonda görüşün yekunlarına dair Bakı bəyannaməsi imzalanıb.