Binəli Yıldırım: "Ermənistan işğalın qarşılığını görməlidir"
“Türkiyə və Azərbaycan regional təhlükəsizlik məsələləri və terrorla mübarizədə əməkdaşlıq edir”. APA TV-nin xəbərinə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
O bildirib ki, Qarabağ məsələsi Azərbaycanın haqlı məsələsidir: “Azərbaycan ərazilərinin iyirmi faizi işğal edilib. Bir milyon insan qaçqın vəziyyətinə düşüb. Bu problemin həllində Türkiyə Azərbaycanın yanındadır. Azərbaycanda soyqırım törədilib və bunu edən Ermənistan qarşılığını görməlidir. Gec də olsa, Azərbaycan istəyinə çatacaq. Azərbaycanın haqlı olduğunu beynəlxalq aləmdə hamı bilir. Dost və qardaş Azərbaycana təhdid olarsa, qarşılığını mütləq görəcəklər”.
Baş nazir xatırladıb ki, BMT, ATƏT və digər beynəlxalq təşkilatlarda da Azərbaycanın haqlı olduğu məlumdur: “Bu ərazilərdə terrorçuların yerləşməsi və ya hazırlıqlar həyata keçirməsi nəticəyə təsir göstərməz. Əgər dost və qardaş Azərbaycana buradan başqa bir təhdid yönələrsə, yaxud Türkiyəyə bu ərazilərdən bir terror təhdidi yönələrsə, qarşılığı mütləq olacaq”.
Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyanın Vaşinqtona səfəri və bəzi Konqres üzvlərinə mükafat verməsi ilə bağlı sualı cavablandıran B.Yıldırım qeyd edib ki, ABŞ senatorları Dağlıq Qarabağdakı ermənilərdən mükafat almaq yerinə, onlardan törətdikləri insanlıq suçunun hesabını soruşmalıdır.