Azərbaycan prezidenti İranın xarici işlər nazirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev martın 15-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən dördtərəfli görüşündən məmnunluğunu bildirib.
Azərbaycan-İran Hökumətlərarası Birgə Komissiyasının işinə toxunan Məhəmməd Cavad Zərif bu komissiyanın fəaliyyətinin çox yaxşı nəticələr verdiyini deyib və yaxın vaxtlarda iqtisadi sahədə əməkdaşlığa dair mühüm sənədlərin imzalanacağını qeyd edib.
Prezident İlham Əliyev Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən görüşünün regional əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib. Dövlət başçısı Azərbaycan-İran Hökumətlərarası Birgə Komissiyasının işinin uğurlu nəticələrini də məmnunluqla vurğulayıb.
Görüşdə İran prezidenti Həsən Ruhaninin yaxın zamanlarda Azərbaycana nəzərdə tutulan səfərinin əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.