Hikmət Çətin: "Dünya Qarabağ məsələsini həll etmək istəmir"
"Biz Dağlıq Qarabağ, Donbas və bir çox münaqişələrin kökünə baxanda qəmgin cavabla rastlaşırıq". APA TV-nin xəbərinə görə, bunu Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko deyib.
Onun sözlərinə görə, bu gün Avropa institutları və BMT-nin simasında elə bir mexanizm yoxdur ki, bu problemləri həll edə bilsin: "26 ildir ki, Dağlıq Qarabağda yaşanan şəri şər adlandıra bilmirik. Bu məsələlərə fərqli yanaşmalar sərgilədiyimiz üçün bunlar həllini tapmır. Başa düşməliyik ki, konflikti dayandırmağın yolu həmrəy olmağımızdır".
Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin də jurnalistlərə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkib: "Qarabağın Azərbaycan torpağı olduğu, işğalın bitməsinin vacibliyi deyilsə də, dünya bu problemi həll etmək istəmir. Dünyanın buna gücü yetmədiyini deyə bilmərik, sadəcə, etmək istəmir. Beynəlxalq birlik gücündən istifadə etsə, bu problemi həll edə bilər. Bu dondurulmuş problem olaraq qalır. Ümid edirəm ki, bura gələn liderlər bu problemin həllinə töhfə verəcəklər. Mən bu problemin həllinə inanıram və barış üçün həllin vacib olduğunu düşünürəm. Türkiyə olaraq bu gün də bu məsələnin həllində Azərbaycanın yanındayıq"
Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Piter Semnebi isə Azərbaycanın son illər beynəlxalq aləmdə mühüm rol oynadığını dilə gətirib. O əlavə edib ki, Azərbaycan Şərq ilə Qərb arasında bir körpüyə çevrilib: "Ölkə üçün bunun böyük əhəmiyyəti var. Mən hər dəfə məmnuniyyətlə bu forumda iştirak etmək üçün Azərbaycana gəlirəm və çox şadam ki, belə bir platforma mövcuddur”.
Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunan Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev qeyd edib ki, dünyada mövcud olan problemlərin həlli üçün mütləq onların müzakirəsi aparılmalıdır: "Bu gün problemləri müzakirə etməli və onların həlli yollarını tapmalıyıq. Biz hamımız sülh, tolerantlıq istəyirik. Bu baxımdan qlobal forum çox vacib məkandır".
Latviyanın keçmiş prezidenti Valdis Zatlers qeyd edib ki, beynəlxalq ictimaiyyət üçün əsas dəyər əməkdaşlıq və qarşılıqlı anlaşmadır. Məhz Bakıda keçirilən Qlobal Forum bu mövzularda yaranan suallara cavab verir: "Qlobal forum dünyada baş verən hadisələr, qlobal inkişaf və digər mühüm proseslərlə bağlı fikirlərin formalaşdırılması üçün mühüm bir platformaya çevrilib”.
Qeyd edək ki, üç gün davam edəcək bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.
Forum çərçivəsində martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti də təşkil olunacaq. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusu müzakirə olunacaq.