Lənkəranda iki "Jiquli" toqquşub - 1 ÖLÜ, 5 YARALI
Lənkəranda baş verən ağır yol qəzasında bir nəfər ölüb, beş nəfər yaralanıb. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Şağlaküçə kəndində baş verib.
Qəza zamanı iki "VAZ 2107" markalı avtomobil toqquşub. Nəticədə sürücülərdən biri - Lənkəran rayonunun Şovu kənd sakini, 59 yaşlı Şahbazov Əbültalıb Xalıq oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb və xəstəxanada dünyasını dəyişib. Avtoqəzada xəsarət alanlar isə rayonun Şovu kənd sakinləri - 57 yaşlı Şəfiyeva Vədiyə Həsən qızı, onun qızı 36 yaşlı Şəfiyeva Əminə Əbülfəz qızı və gəlini 31 yaşlı Şəfiyeva Ramilə Ağaman qızı, eyni zamanda digər avtomobilin sürücüsü, Lənkəranın Qurumba kənd sakini, 30 yaşlı Əmirov Fərid Elxan oğlu və onun sərnişini Lerik rayonun Şingədulan kənd sakini, 32 yaşlı Bəndiyev Vaqif Mirağa oğludur.
Sürücü F.Əmirov qəzada ciddi xəsarət almayıb. Digər yaralılar isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı istintaq araşdırmaları aparılır.