Millət vəkili: "Azərbaycanda müəllim hazırlığı ilə bağlı bitkin model yoxdur"
Bakıda təhsil ictimaiyyətinin 900-ə yaxın nümayəndəsinin qatıldığı Azərbaycan müəllimlərinin XIV qurultayı keçirilib. Hər 5 ildən bir keçirilən qurultayda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, baş nazirin müavini Elçin Əfəndiyev, təhsil naziri Mikayıl Cabbarov, dövlət rəsmiləri, millət vəkilləri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbər işçiləri, QHT nümayəndələri, nüfuzlu müəllim və ziyalılar iştirak edib. Tədbirdə prezident İlham Əliyevin təbrik məktubu oxunub.
APA TV-nin xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, hər bir təhsil sisteminin gücü onun təhsilində xidmət edən müəllimlərin biliyindən üstün ola bilməz. Bu gün Azərbaycan təhsilində olan qüsurların əsas səbəblərindən biri pedaqoji heyətin xeyli hissəsinin hələ də kifayət qədər ixtisaslı olmamasından irəli gəlir. Nazir son 20 ildə hər il məktəblərə çoxlu sayda təcrübəsi, bəzi hallarda kifayət qədər pedaqoji təhsili olmayan müəllimlərin gəldiyini, hətta onların arasında saxta diplomlarla işləyənlərə də rast gəlindiyini deyir. Bu vəziyyəti dözülməz hesab edən təhsil naziri deyir ki, pedaqoji kadr hazırlığı məsələlərinə xüsusi diqqət ayrılması vacibdir: "İlk olaraq, məktəb direktorlarına və məktəb direktoru olmaq arzusunda olanlara müasir peşə standartları əsasında təlimlər təşkil edəcəyik. Təlimi uğurla bitirib yüksək bal sertifikatları alan şəxslər məktəb direktorları təyin ediləcək. Bu kateqoriyadan olan məktəb direktorlarının əməkhaqqına əlavələr olacaq".
Nazir bildirib ki, müəllimlərin peşəkarlıq səviyyəsinin könüllülük əsaslarla yoxlanılmasının nəzərdə tutulur.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə hesab edir ki, AMEA-da magistratura yaradılması qarşıda duran əsas məqsədlərdən biridir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin sözlərinə görə isə pedaqoji institutlarda müasir qiymətləndirmə kursları yaradılmalıdır. Hazırda TQDK-da regionun, məktəbin qiymətləndirilməsi aparılır.
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev Azərbaycanda müəllim hazırlığı ilə bağlı bitkin modelin olmadığını deyib. Millət vəkili hesab edir ki, mülkiyyət formasından asılı olmayaraq, bütün ali təhsil müəssisələrində ödənişli təhsil və qəbul planı ləğv edilməlidir. Qəbul dövlət sifarişli ixtisaslar üzrə aparılmalıdır. Ali məktəblərə maliyyə və təşkilati müstəqillik verilməlidir. Eyni zamanda müəllimin nüfuzunu artırmaq üçün ona dövlət qulluqçusuna bərabər status verilməlidir.
Çıxışlardan sonra qurultayın qətnaməsi qəbul olunub.