Neft bazarında qeyri-müəyyənlik: QİYMƏTLƏR DƏYİŞMƏDİ

Beynəlxalq Enerji Agentliyinin son hesabatı və ABŞ-ın İranla nüvə razılaşmasından çıxması ehtimalı enerji daşıyıcıları bazarında qeyri-müəyyənlik yaradıb.

 

APA TV-nin məlumatına görə, bu səbəbdən sutka ərzində neft bazarında volatillik minimuma enib. Dünən günorta saatlarında “Brent” markalı neftin qiyməti 65,14 dollar olub, bu gün keçirilən ticarət sessiyalarında qiymət demək olar ki, dəyişməz qalıb. Hazırda “Brent” neftinin bir bareli 65,19 dollardan satılır. Günün maksimum və minimum qiymətləri arasında fərq 32 sent olub.

 

Qərbi Texas neftinin qiymətində də eyni tendensiya müşahidə olunur. Dünən günorta 61,30 dollara satılan WTİ nefti bu səhər 61,28 dollardan təklif olunur. Gün ərzində Qərbi Texas neftinin maksimum və minimum qiyməti arasında fərq cəmi 31 sent olub.

 

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyi bu il OPEK-ə üzv olmayan neft ölkələrində hasilatın gözlənildiyi kimi sutkalıq 1,7 milyon barel deyil, 1,8 milyon barel artacağını proqnozlaşdırır. Ümumilikdə qeyri-OPEK ölkələrində gündəlik hasilat 59,9 milyon barel təşkil edəcək. Bu il neftə gündəlik tələbat isə əvvəllər açıqlandığı kimi 97,8 milyon barel deyil, 99,3 milyon barel təşkil edəcək. Bu rəqəmlər bazara hər gün əlavə olaraq 300 min barel neft çıxacağı deməkdir. Qeyri-OPEK ölkələrində hasilatın səviyyəsi əsasən ABŞ-ın hesabına artacaq, bu da Birləşmiş Ştatların bazara diktə imkanlarının genişlənməsi deməkdir. 

 

Bu rəqəmlər həm də OPEK+ formatında razılaşmanın taleyini sual altında qoyur. OPEK hasilatı azaldaraq qiymətləri indiki səviyyədə saxlamağa çalışırsa, bazarda yaranan boşluq ABŞ-da hasilatın artması hesabına doldurulur. Bu, həm OPEK-in seçdiyi taktikanın effektini aşağı salır, həm də bazarda OPEk ölkələrinin payını getdikcə azaldır. Bu səbəbdən razılaşmaya qoşulan kartel üzvləri paktı ləğv etmə təşəbbüsləri ilə çıxış edə bilərlər.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı