18 yaşlı balet artisti: "Baleti kişi işi saymayanlar..." - REPORTAJ
“Səhnədə çıxış edəndə, hansısa baletdə rol oynayanda bu tamamilə başqa hissiyyatdır. Hamı sənə baxır və sən hiss edirsən ki, sən bu rolu oynamırsan, sən bu adamın həyatını yaşayırsan və sənə doğrudan da maraqlı gəlir. Çox gözəl sənətdir. Çünki həyatımızda o qədər pis şeylər var ki, bu sənət bir az həyatımızı gözəlləşdirir".
Səhnə sənətinin bir növü, zərifliklə xoreoqrafiyanın ən yüksək pilləsi, bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəqsin harmoniyalı vəhdəti - balet. Bu gün sizə 18 yaşlı balet artisti Murad Kərimovu tanıtmağa çalışacağam.
Murad Bakı Xoreoqrafiya Akademiyasının 3-cü kursunda oxuyur. Ailəsində heç kim bu sənət növü ilə məşğul olmayıb. Onu bu rəqsə də atası istiqamətləndirib: "Uşaq vaxtından görüblər ki, sümüklərim çox yumşaqdır, atama tövsiyə ediblər ki, məni bu akademiyaya qoysunlar. Uşaq vaxtından yaxşı rəqs edirdim, həm milli, həm də klassik rəqslər. Get-gedə də həvəsim artır mənim bu sənətə. Çox gözəl sənətdir".
Murad deyir ki, bəzən kişinin baletlə məşğul olmasına dırnaqarası yanaşanlar da var. Amma bu fikirlərlə o, heç razı deyil: “Fikirləşirlər ki, balet kişi sənəti deyil. Amma bu tamamilə səhv bir fikirdir. Bizim burda işlədiyimizi hər bir adam edə bilməz. Bu sənin bədənini, sənin ruhunu daha da gözəlləşdirir. Əgər sən fikirləşirsənsə balet kişi işi deyil, deməli, sən bu sənəti həqiqətən də tanımırsan və bilmədiyin şeyi danışırsan”.
Muradın ən böyük arzusu dünyanın ən böyük səhnələrində çıxış etməkdir: "2015-ci ildə Gürcüstanda festivalda 1-ci yer tutmuşdum, "Qəmər Almaszadə" adına festivalda Bakıda 3-cü yer tutmuşdum, 2017-ci ildə də "Şelkunçik" baletində əsas rolu ifa etmişəm. Dünyanın ən böyük səhnələrində özümü görmək istəyirəm. Amma bunun üçün işləmək lazımdır “Bolşoy Teatr”da, “La Skala” İtaliya teatrında, Fransada... Buna görə də çoxlu işləmək lazımdır, elə belə sözlərlə alınmır. Mən də işləyirəm".
Murad deyir ki, hər uğurlu zərif balet rəqsinin pərdə arxasında müəllim qəddarlığı dayanır: “Ola bilər ki, hansısa şagird yumşaq başa düşmür. Ona görə də ona sərt olmaq lazımdır ki, stimul olsun ona. İşləsin, ayaqlarını dartsın və s. Amma bundan incimək lazım deyil, müəllim sənin yaxşılığını istəyir. İstəyir ki, yaxşı nailiyyətlər qazanasan”.
Qəhrəmanımızın fikrincə, baleti sevən, onunla məşğul olmaq istəyən kəs gərək sənətin ağrılarına da qatlaşmağı bacarsın: "Əgər uşağınız düz işləyirsə, müəllim deyəni edirsə, pis olmayacaq. Müvəqqəti ağrılar olacaq, amma sonra nəticəsi yaxşı olacaq. Sizin uzun sağlam ayaqlarınız olacaq. Nəinki ayaq, bədən, əllər də ağrıya bilər. Duet rəqsində qızları qaldıranda çətinlik ola bilər. Amma müəllimin dediyi kimi işləsən, yaxşı olacaq".
Murad deyir ki, balet artisti üçün düzgün qidalanmaq da çox önəmlidir: "Mənim müəllimim həmişə məni danlayardı ilk başlayanda ki, düzgün qidalanmıram. Oğlanlar çoxlu ət yeməlidirlər. Burada biz çox yoruluruq və o gücü toplamaq üçün çoxlu ət yeməliyik. Axşamlar çoxlu məşqlər edirik, məktəbdə işləyib evdə dincəlmək olmaz. Yeməyə fikir vermək, həmişə formada olmaq lazımdır".
Azərbaycan qanunvericiliyinə görə, balet artistləri də hərbi xidmət çəkməlidir. Murad bu barədə fikirləri fərqlidir. Onun sözlərinə görə, bir balet artisti ən böyük gücünü ayaqlarından alır: "Əsgərlikdə sən 12 il işlədiyin fəaliyyəti itirəcəksən. İki ilə çox asan itirmək olur. Məsələn, biz bazar günü dincəlirik, məktəbə gələndə hiss edirik ki, bir az ayaqlar ağırdır. Görün, iki il məktəbə gəlməsək, məşq eləməsək, ayaqlarımız necə olar. Yəni formaya düşmək sonra çox çətin olacaq".
Hər balet artisti kimi, onun da kumirləri var. Amma sənətini o qədər sevir ki, heç kimə bənzədilmək istəmir. Tutduğu bu yolda fərqlənmək, xüsusi olmaq niyyətindədir: "Əlbəttə, kumirlərim var. Bunlar çox böyük rəqqaslar, balet artistləridir. Məsələn, Mixail Barişnikov, Rudolf Nuriyev, Roberto Bole, Daniel Simkin, Sergey Polonin çox gözəl rəqqaslardır. Amma mən istəyirəm ki, öz dəsti-xəttim olsun, gələcəkdə məni görəndə heç kim deməsin ki, bu yeni Barişnikovdur. İstəyərəm, desinlər ki, bu Muraddır və onun özünə məxsus rəqs stili var".
Nə deyək, Allah arzularına çatdırsın!