Sabah yağış yağacaq, güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında martın 17-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 9-12 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında martın 17-də bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza əsasən, martın 17-si günün ikinci yarısınadək güclü küləkli və rütubətli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsiz olsa da, martın 18-19-da meteoroloji amillərin mülayim tərəddüdü nisbətən əlverişlidir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd