Nazir: "İmtahanlardan keçmiş 244 müəllim işləməkdən imtina edib"

"Bu il imtahanlardan keçmiş 244 müəllim işi qəbul etməyib".

 

APA TV-nin xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Müəllimlərinin XIV qurultayında deyib. Nazir bu sahədə aparılan araşdırmalar nəticəsində müəllimlərin əsasən rayonlara işləməyə getmək istəmədiklərinin üzə çıxdığını bildirib: "İşdən imtina edən müəllimlərin 82 faizi qadınlardır. Onları işə yönləndirmək üçün bu sahədə problemin aradan qaldırılması üçün müəllimlərin stimullaşdırılması, müəllimlər üçün xüsusi ipoteka rejiminin tətbiq olunması zəruridir".

 

Təsil naziri ali təhsil müəssisələrində hazırlanan pedaqoji kadrların sayının real tələbatı təxminən 2 dəfə üstələdiyini deyir. Əlavə edib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda dövlət və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyən edilməsi nəzərdə tutulur: "Bütün ali təhsil ocaqları - istər dövlət, istər özəl -  iki qrupa bölünməlidir. Adi və milli statuslu universitetlər olmalıdır. Dövlət sifarişi yalnız milli statuslu universitetlər arasında bölüşdürülməlidir. Eyni zamanda, buraya qəbul olmaq istəyən abituriyentlər üçün keçid balı yüksək olmalıdır. Adi universitetlərin keçid balı minimal səviyyədə saxlanılmalıdır. Eyni zamanda, ödənişli əsaslarla qəbul planı da tədricən ləğv olunmalıdır".

 

Nazir hesab edir ki, belə olsa, yüksək reytinqli məktəbləri orada oxuya bilən bilikli tələbə kontingenti ilə təmin etmək mümkün olacaq. Digər tərəfdən, tələb olunan balı toplamadığı üçün xaricə təhsil almağa üz tutmağa ehtiyac qalmayacaq.

 

Təhsil naziri bildirib ki, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş planşetlərlə təmin olunması istiqamətində hazırlıq işləri aparılmalıdır.

 

Mikayıl Cabbarov yeni strategiyada hər bir müəllimin ixtisasartırma kurslarına cəlb edilməsinin nəzərdə tutulduğunu deyir. Attestasiyası nəticəsində uğurlu nəticə göstərən müəllimlər üçün differensialaşdırılmış əmək haqqının verilməsi təmin ediləcək. Nazir deyir ki, attestasiyadan keçməyən müəllimlər üçün isə təlimlər təşkil olunacaq. Onlara növbəti attestasiyaya hazırlaşmaları üçün imkan yaradılacaq.

 

 

Müəllif | Apa.Tv