Elmar Məmmədyarov: “İraqdakı Azərbaycan vətəndaşlarını geri qaytarmağa çalışırıq”

"Bu ayın axırı İran prezidenti Azərbaycanda rəsmi səfərdə olacaq. Artıq Rəşt-Astara dəmiryolunun tikintisinə kreditin ayrılması barədə sənəd paraflanıb. 3 il ərzində bu tikintinin başa çatması nəzərdə tutulub. Daha sonra imkanlar daha da artacaq".

 

APA TV-nin məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, yeni Cənub-Qərb dəhlizinə əsas Hindistan maraq göstərir:

 

"Hindistanın Mumbai şəhərindən Avropaya yüklərin daşınması 60 gündən çox çəkir. Vyetnam da layihəyə maraq göstərir. Mən ötən il orada olanda onlar dedilər ki, onların ixrac potensialı 204 milyard dollardır. Bunun 44 milyard dolları Avropaya göndərilən malların payına düşür. İnanıram ki, bu dəhlizin böyük gələcəyi var. Belə bir imkan Bakı-Tiflis-Qars açılandan sonra yarandı. BTQ dünyanın nəqliyyat xəritəsini dəyişəcək"

 

Azərbaycan Xarici İşlər Nazirliyi İraqda olan Azərbaycan vətəndaşlarının geri qaytarılması məsələsini diqqətdə saxlayır. Elmar Məmmədyarov deyib ki, Azərbaycanın İraqdakı səfirliyi bununla məşğuldur:

 

“Bu, o qədər də asan məsələ deyil. Orada uşaqlar, qadınlar var. Biz oradakı yerli hakimiyyətlə əlaqədəyik. İlk növbədə araşdırılmalıdır ki, onlar İraqa  niyə gediblər, hansı fəaliyyətlə məşğul olublar?”

 

E. Məmmədyarovun sözlərinə görə, artıq Nazirlər Kabinetində bununla bağlı İşçi qrup fəaliyyət göstərir:

 

“Orada həm Xarici İşlər Nazirliyinin, həm də digər qurumların nümayəndələri təmsil olunur”

 

Bundan başqa nazir Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son danışıqlara da diqqət çəkib.

 

"Həmsədrlər regiona sonuncu dəfə gələndə razılığa gəldik ki, seçkilər keçsin, sonra intensiv şəkildə danışıqları davam etdirəcəyik".

 

Nazir bildirib ki, nazirlərin və prezidentlərin sonuncu görüşlərində həmsədrlər tərəfindən məsələnin yerindən müzakirəsi üçün kreativ fikirlər səsləndirilib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı