Türkiyə XİN: Ermənistan protokollardan yox, Qarabağdan çıxmalı idi

"Ötən il Azərbaycana və Ermənistana rəsmi səfərlərim zamanı prezidentlərlə Dağlıq Qarabağ münaqişəsini çox detallı müzakirə etdik". APA TV-nin məlumatına görə, bu sözləri Moldova prezidenti İqor Dodon deyib.

 

O, ümid etdiyini bildirib ki, son vaxtlar mövqelərin müzakirə olunduğu platforma prosesi irəli aparacaq:

 

"Ümidvaram ki, bu, regionda yaşayan xalqların və dövlətlərin maraqları nəzərə alınaraq baş verəcək. Bizim də həll olunmayan problemimiz var - Dnestryanı münaqişəsi. Biz bu məsələnin həllinə yaxınıq. Dağlıq Qarabağ münaqişəsindən fərqli olaraq, bizdə insanlar ünsiyyət qurur, birgə yaşayırlar".

 

"Bakı Forumunun keçirilməsi ilə Azərbaycan təkcə regional yox, həm də dünya səviyyəsində təcrübə mübadiləsi üçün məkan yaradıb" - deyən İqor Dodon qeyd edib ki, forum Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunub:

 

Biz bir neçə regiona aid olan vacib məsələləri müzakirə etdik. Mənim iştirakımla Balkanlardakı vəziyyətin müzakirəsi baş tutdu. Bu bölgədə həll olunmamış bir neçə problem mövcuddur. Mən hesab edirəm ki, bu problemlər Bakı forumunda layiqincə işıqlandırıldı”.

 

Albaniya prezidenti İlir Meta da VI Bakı Qlobal Forumunu yüksək qiymətləndirdiyini deyib. Onun fikrincə, tədbir dünyanın və regionun qarşılaşdığı bütün məsələlər ətrafında dialoqun davam etdirilməsi baxımından vacib beynəlxalq platformadır:

 

“Sizin ölkənin inkişafını yüksək qiymətləndirirəm. Forum dünyada sülhün təşviqatına zəmin yaradacaq. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düşünürəm ki, sülhün, sabitliyin bərpası vacibdir. Bu məsələdə Azərbaycan hökumətinin yanındayıq”.

 

 

Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız Ermənistanın isə iki ölkə arasında 2009-cu ildə Sürixdə imzalanmış protokoldan imtina etməsi ilə bağlı sualları cavablandırıb.

 

“Türkiyə ilə Ermənistan arasında imzalanmış “Sürix protokolu” qüvvəyə minməmiş olsa da, Ermənistan tərəfinin seçki ərəfəsində belə bir addım atması xoş deyildi” deyən nazir müavini əlavə edib ki, bu müqavilə Türkiyədən çox Ermənistanın xeyrinə idi:

 

“Özləri bilər. Onsuz da bu neçə ildə Dağlıq Qarabağ münaqişəsinin həllini istəmədiklərini nümayiş etdirirdilər. Bununla bir daha göstərmiş oldular. Biz protokoldan daha çox onların Azərbaycan torpaqlarından çıxmasını gözləyirik. Bu da münaqişənin həllinin açarı idi. Ancaq istəmədilər”.

 

Forum öz işini sabah da davam etdirəcək.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı