Artur Rasizadə Milli Məclisdə hesabat verdi
Milli Məclisin növbəti plenar iclası keçirilib. APA TV-nin məlumatına görə, iclası sədr Oqtay Əsədov açıq elan edib.
İclasda Nazirlər Kabinetinin 2017-ci il üzrə fəaliyyəti haqqında hesabatı dinlənilib. Hesabatı baş nazir Artur Rasi-zadə təqdim edib.
Baş nazir bildirib ki, son 14 il ərzində ÜDM 3,2 dəfə, sənaye istehsalında 2,6 dəfə, əhalinin adambaşına düşən gəliri 7,2 dəfə, əmək haqqı 6,8 dəfə artıb. Bu müddətdə 1 mln. 900 mindən çox iş yeri açılıb. Yoxsulluq səviyyəsi 44,7 faizdən 5,4 faizə enib. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq 2017-ci ilin sonuna 42 milyard dollar təşkil edib.
A.Rəsizadə qeyd edib ki, neft-qaz sənayesinin aparıcı rolu ölkənin nüfuzunun artmasına öz töhfəsini verəcək və digər sahələrin inkişafına kömək edəcək. Artıq əhalinin təbii qazla təmin edilməsi kimi sosial problemin həlli ilə bağlı davamlı tədbirlər qazlaşmasının səviyyəsinin 51 faizdən 93 faizə yüksəldilməsini təmin edib. Elektrik enerjisi ilə təminat iqtisadi siyasətin ən prioritet istiqamətlərindən olub.
Baş naziri təəssüflə qeyd edib ki, ötən illər ərzində Ermənistan və Azərbaycan arasında mövcud olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi dönüşə nail olunmayıb. Bunun səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi, münaqişəni uzatmağa çalışmasıdır. "Dövlət başçısı hər zaman bu problemi nəzarətdə saxlayır, beynəlxalq tədbirlərdə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin həllini tələb edir. Ali Baş Komandanın rəhbərliyi ilə hərbi gücümüzü durmadan artırırıq, ordunu müasir hərbi sursatlarla təmin edirik. Müdafiə sənayesinin inkişafı üçün bu sahəyə ayrılan vəsait 13,5 dəfə artırılıb,” - deyə A.Rasizadə qeyd edib.
Daha sonra hesabat ətrafında müzakirələr başlayıb. Spiker Oqtay Əsədov deyib ki, ötən il həyata keçirilən iqtisadi islahatlar uğurla davam etdirilib. Bunun nəticəsində aparıcı beynəlxalq təşkilatlar, reytinq agentlikləri bu islahatları yüksək qiymətləndirilib. Neft strategiyası istiqamətində də uğurlu addımlar atılıb. Əsrin müqaviləsi 2050-ci ilə qədər uzadılıb. 2017-ci ildə qeyri-neft sektoru 3,7 faiz artıb, bu sektorun ÜDM-də çəkisi 63 faiz olub. Xarici ticarət dövriyyəsində 6,7 milyard dollarlıq müsbət saldo əldə olunub. Ölkə iqtisadiyyatına 17 milyard manata yaxın investisiya yatırılıb.
Deputat Elmira Axundova "Sovetski" kimi tanınan ərazidə sökülən evlərə görə verilən kompensasiyanın məbləğinin 1 kv. m-ə görə 1500 manatdan 2000 manata qədər artırılmasını təklif edib. Onun sözlərinə görə, bu ərazidə kiçik həcmli evlər kifayət qədər olduğunu nəzərə alaraq, yaxşı olardı ki, onların sahiblərinə pul əvəzinə təzə tikilən binalarda hazır evlər verilsin.
Deputat Əli Məsimli isə qeyd edib ki, Azərbaycanda bank sisteminin sağlamlaşdırılması qeyri-neft sektorunun inkişafı və bu sahədə artımın əldə olunması üçün vacibdir. Onun fikrincə, problemli kreditləri həll etmədən bank sistemini sağlamlaşdırmaq mümkün deyil. Bankların ənənəvi sürətdə yüksək faizlə qazanc əldə etməsində sektor üçün heç bir perspektiv yoxdur. Bunun əvəzinə banklar daha perspektivli yolla biznes layihələrinin maliyyələşdirilməsinə keçə və real addım ata bilər.
Deputat Əflatun Amaşov ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları ƏDV-dən azad olunmasını təklif edib.
Müzakirələrdən sonra hökumətin hesabatı qəbul olunub.