Bayram bazarlığı neçəyə başa gələcək? - QİYMƏTLƏR

Azərbaycan xəritəsi, buta, müxtəlif cür ürək formasında bəzədilmiş səmənilər... Bura 8-ci km bazarıdır. Gəlmişik ki, bayramqabağı qiymətlərlə maraqlanaq.

 

Satıcı  Zaur İlyasov deyir ki, daha çox bu səməniləri nişanlı qızlar üçün alırlar. Üzərini satışda olan müxtəlif cür bülbül, göyərçin suvenirləri ilə bəzəyiblər. Bir az mənzərəni seyr etdikdən sonra qiymətləri ilə maraqlandıq:

 

"Xırdalar var 1 manata. Belə ürəklər var 3 manata. İrisi var 4 manat. Yekə butalar var, 7-8 manat arasında dəyişir. Azərbaycan xəritəsidir, qiyməti 5 manatdır. Alıcılıq qabiliyyəti iki-üç gündür yaxşıdır. Bayramqabağı işləyir. Göyərçinlər, tovuz quşları, bülbüllər var. Deyirlər, səməninin üzərinə qoy, gəlinimə xonça aparacağam. Qiymətləri 50 qəpikdən başlayır 1,50 qəpiyə kimi dəyişir".  

 

Daha sonra bayram xonçasını bəzəyən çərəzlərin qiymətini soruşduq.

 

"Xonçaya qoyulan innabdır, xırdası da var, irisi də. Xırdalar 4, irilər 6 manatdır. İydə 8 manatdır. Kişmiş 10 manatdan başlayır 14 manata kimi. Fındıq 12-13 manatdır. Qoz ləpəsi var 18 manata. Qarışıq çərəzlər var ki, 12 manatdır. Yerli məhsullardır, özümüz hazırlamışıq, qarışdırmışıq, belə satırıq".

 

Meyvələrin qiymətlərinə gəldikdə, ananas 7, üzüm isə 5 manata təklif olunur:

 

"Narlar 4-5 manata, qızıləhmədi 4 manat, armud 3 manat. Almalar 2 manat, portağal 2 manat. Mandarin 3 manata. Boranı 80 qəpik. Heyva 3 manatdır".  

 

Tərəvəzlərdən xiyar 3-11, pomidor isə 5-6 manat arasında dəyişir. Bazarda qarpıza da rast gəlinir ki, 1 kq-ı 6 manatadır.

 

Süfrələrimizin şahı heç şübhəsiz ki, aşdır. Görək şahı ortaya gətirmək üçün kim nə qədər pul xərcləməli olacaq. Çünki qiymətlər ciblərə uyğun olaraq dəyişir:

 

"Düyülər Hindistandan gəlir əsasən. Sonra yerli düyülərimiz var. Uzun düyü var 5 manata, Hindistan düyüsü 3 manata, yerli düyü 1,50-3 manat arasında dəyişir. Quru meyvələrdə qiymətlər bir az münasibdir. Ərik 6 manatdan başlayır 14 manata kimi. Alça turşuları var 3 manatdan 10 manata kimi. Badamların qiyməti Kaliforniyadan gəlir 20 -22 manat arasında dəyişir".  

 

Yerli şabalıdın qiyməti 10-13 manat arasında dəyişir. Gürcüstandan gətirilən şabalıdın qiyməti isə 7-8 manatadır.

 

Satıcılar digər məhsullarda satışın yaxşı olduğunu desələr də, ətin satışında alıcılıq qabiliyyətinin aşağı olduğunu bildirdilər:

 

"Ət satışı zəifdir, alıcılıq qabiliyyəti aşağıdır. Mal əti 11 manat, quzu əti 12 manat, can əti 20 manatdır".  

 

Quş əti məhsullarının qiymətinə gəldikdə isə...

 

"Toyuqları Hövsandan gətirmişik. 3 manat 3-50 qəpikdir".

 

Hind toyuğunun qiyməti isə 10-12 manat arasında dəyişir:

 

Piştaxtanın üzərində müxtəlif cür balıq məhsulları var. Görək qiymətlər  necəyədir.

 

"Kifal balığı 10 manatdır. Kütüm balığı 15 manat, dəniz sazan balığının kq-ı 6 manatdır. Sudak balığı 10 manatdır. Xanı balığı 5 manatdır. Xırda balıqlar 1 manatdan 5 manata kimi dəyişir".

 

Bundan başqa, hisə verilmiş balıqlar da var ki, qiymətləri 2 manatdan 7 manata kimi dəyişir.

 

Bazarda alıcıların bəziləri qiymətlərdən razı, bəziləri isə narazı idi:

 

"Hər şey ucuzdur. Qiymətlərdən razıyıq".

"Bazar çox gözəldir. Çox gözəl bəzəyiblər. Hər şey var. Amma camaatın cibinə görə çox bahadır. Birini alanda birini ala bilmirik".

 

İstədiyiniz hər şeyi ala bilməyiniz üçün cibiniz dolu olsun. Bayramınız mübarək!

Müəllif | Apa.Tv
Apa.tv