Avropalı gənclər Gəncədə toplaşdı
Gəncə “Avropa Gənclər Paytaxtı 2016" titulunu qazandıqdan sonra Avropanın müxtəlif ölkələrindən olan gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə beynəlxalq tədbirlərin keçirilməsinə başlanılıb. APA-TV-nin bölgə müxbirinin verdiyi məlumata görə, dekabrın 14-də Türkiyə, Polşa, Rumıniya, İtaliya, Ukrayna, Gürcüstan, İspaniya, Niderland və Bolqarıstandan olan 65 nəfər müxtəlif gənclər təşkilatlarının nümayəndələri, yerli tələbə və gənclər təşkilatlarının rəhbərləri və üzvləri iştirakı ilə tədbir keçirilib.
Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, artıq Gəncədə 2016-cı ilə hazırlıq işlərinin başlayıb. Tədbirdə Təşkilat komitəsi yaradılacağını və komitədə 2016-ci ildə Avropanın gənclər paytaxtı olan Gəncədə görülən işlərin perspektivi müzakirə olunacağını bildirib.
Daha sonra yerli və xaricdən qonaq gələn gənclər Avropa gənclər paytaxtı olacaq Gəncədə nələr görmək istədikləri ilə bağlı təkliflərini bildiriblər. Günün ikinci yarısında isə gənclər şəhərin mərkəzi meydanında "Ganja" sözünü əks etdirən flaşmob təşkil ediblər.