3 ilə 500 kitab oxuyan məktəbli: "Kitab yazacağam"

 

Rəşad Hüseynov Xəzər rayonundakı 26 nömrəli məktəbdə  təhsil alır. Onunla bu gün akademik Zərifə Əliyeva adına Liseydə keçirilən "Ədəbiyyat biliciləri" müsabiqəsində tanış olduq. Diqqətimi çəkən məqam isə onun geniş mütaliəsi, 500-dən artıq yerli və xarici bədii kitab oxumasıdır. APA TV-nin məlumatına görə, bu kitabları o, 3 il ərzində oxuyub. Kitab oxumağa həvəsi ona ilk dəfə ailəsi aşılayıb. Daha sonra isə müəllimləri onda bu marağı artırıb: "İlk dəfə mənə  4-cü sinifdə, kitabxanada "Heraklinin  12 qoçaqlığı" adlı bir kitab verdilər. Mən 4-cü sinifdən bu yana heç kəsin təzyiqi olmadan kitab oxumağa başladım. Kitab oxumağın dünyagörüşümü genişləndirdiyini düşünürəm. Söz ehtiyatımı genişləndirirəm. Özümü inkişaf etdirmək üçün daha çox kitab oxumağa çalışıram. Bu kitabları təxminən 3 il ərzində oxumuşam. Gələcəkdə kitab yazmaq kimi hədəfim var. Ümid edirəm, bu hədəfimə çataram".

 

Daha çox xarici ədəbiyyata üstünlük verdiyini deyir. Ancaq bununla yanaşı o, Mikayıl Müşfiqi, Cəlil Məmmədquluzadəni, Mirzə Ələkbər Sabiri də oxuyur.

İştirak etdiyi yazı müsabiqəsində verilən 3 mövzudan birini - "Ana" mövzusunu seçib: "Fikrim var, inşa mövzusunda "Ana" obrazını seçim. Çünki məktəbimizdə keçirilən bir tədbirdə də bu mövzu haqqında bir ssenari yazmışdım, çox uğurlu olmuşdu. "Ana" mövzusunda içim daha doludur, düşünürəm ki, bunun haqqında daha geniş yaza bilərəm".

 

Müsabiqədə iştirak edən Zərifə Əliyeva adına Liseyin şagirdi Kamran Hümmətov uşaqlıqdan ədəbiyyata marağının olduğunu deyir: "Mən özümə güvənirəm. Çalışıram ki, çoxlu kitab oxuyum. Öz səviyyəmi artırım. Müsabiqədə yazılan suallara baxdım, çətin deyil, yazmaq olar. "Bədii ədəbiyyat həyat məktəbidir" mövzusunu seçmişəm. Çünki mən ən çox onu oxuyuram. Bu mövzunu daha yaxşı aça bilərəm".  

 

Nigar Hüseynzadə isə müsabiqəyə Gədəbəyin Zəhmət kəndindən qatılıb. Ədəbiyyata marağı uşaq vaxtı anasının söylədiyi kiçik hekayələrdən başlayıb: "Sonralar  ədəbiyyatda həyatın dərinliklərini gördükcə, marağım daha da artdı. Seçdiyim mövzu "Ana" mövzusudur. Çünki düşünürəm ki, "Ana" təkcə qadın obrazı deyil, bizim üçün vətəndir, çox şeyi izah edir".

 

Qeyd edək ki, şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcək. Yekunda mərhələnin iştirakçıları arasından qaliblər seçilərək I, II, III və həvəsləndirici yerlərə layiq görüləcək, diplom, tərifnamə və qiymətli hədiyyələrlə təltif olunacaqlar: "Bu günkü tədbir müsabiqənin final mərhələsidir. Ölkəmizin bütün orta məktəblərinin şagirdləri bu müsabiqədə iştirak ediblər. Final mərhələsinə 120 nəfər şagird vəsiqə alıb. Əsas məqsəd bu müsabiqənin keçirilməsində şagirdlərin  istedadını üzə çıxarmaq, onları inkişaf etdirmək, onların mütaliə vərdişlərini formalaşdırmaqdır. Bu müsabiqənin keçirilməsi göstərir ki, ölkəmizdə təhsil alan şagirdlər arasında çox böyük istedada malik uşaqlar var".

 

Nazir müavini qeyd edib ki, artıq üçüncü ildir, Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə "Ədəbiyyat biliciləri" müsabiqəsi keçirilir. 

 

Müəllif | Apa.Tv
Apa.tv