Əli Həsənov: "2018-ci ildə də bizi mühüm hadisələr gözləyir"

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

APA TV-nin məlumatına görə, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, fond medianın inkişafı, jurnalistlərin maddi vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirir. Ötən illər ərzində onlarla belə müsabiqələr təşkil edilib və 600-ə yaxın jurnalist mükafatlandırılıb.

 

Vüqar Səfərli müsabiqədə 67 kütləvi informasiya vasitəsinin iştirak etdiyini və yarışmaya 169 yazının təqdim olunduğunu vurğulayıb. Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və hər istiqamət üzrə 6 yazı qalib elan edilib. Ümumilikdə 15 istiqamət üzrə 90 yazı qalib elan olunub.

 

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki,  dövlətin inkişafı üçün sosial layihələr və nəzərdə tutulan digər layihələr uğurla icra edilir:

 

 “2018-ci ildə də bizi mühüm hadisələr gözləyir. Bunların arasında ən mühümü  aprelin 11-də keçiriləcək prezident seçkiləridir. Seçkilərə artıq start verilib. Martın 20-dən aprelin 10-dək seçkiqabağı təbliğat dövrü olacaq.  Əminəm ki, sizlər bu təbliğata hazırsınız. Bu təbliğatın böyük hissəsi məhz kütləvi informasiya vasitələrinin üzərinə düşəcək".

 

Əli Həsənov  qeyd edib ki, bu il ölkədə həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək. O əlavə edib ki, ölkədə jurnalistlərin müdafiəsi ilə bağlı bütün məsələlərlə əlaqədar məsuliyyəti Azərbaycan prezidenti, dövləti öz üzərinə götürüb:

 

 “Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu media siyasəti bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Düşünürəm ki, bu il də jurnalistlərin ciddi müdafiəyə ehtiyacı olmayacaq. Əksinə, dövlətin yaratdığı müdafiə mexanizmlərindən məharətlə istifadə edəcəksiniz”.

 

Daha sonra müsabiqədə birinci yerə layiq görülən jurnalistlərin mükafatlandırılması mərasimi  keçirilib.  Mükafat alanlar arasında APA-nın əməkdaşı Cavid Zeynallı və Lent.az-ın əməkdaşı Ləman Mustafaqızı da var.

 

Tədbir bədii hissə ilə davam etdirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv