Ukraynada aksiyada zorakılıq tətbiq edən vəzifəlilər cəzalandırılacaq

Kiyev meri Aleksandr Popov, paytaxtın milis rəisi Valeri Koryaka, Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədr müavini Vladimir Sivkoviç noyabrın 29-dan 30-na keçən gecə Müstəqillik Meydanındakı kütləvi aksiyanın dağıdılması ilə əlaqədar məsuliyyətə cəlb olunacaqlar.

 

APA TV-nin “RİA Novosti”yə istinadəm məlumatına görə, bunu Ukraynanın baş prokuroru Viktor Pşonka deyib. Baş Prokurorluq Popov və Sivkoviçin vəzifələrindən uzaqlaşdırılması, ev dustağı edilməsi haqda vəsatət qaldıb: “Noyabrın 29-dan 30-na keçən gecə Popov və Sivkoviç Kiyev şəhər Baş Milis İdarəsinin rəisi Valeri Koryakanın kabinetində olublar. İstintaqın məlumatına əsasən, məhz onlar milis rəisini güc tətbiqi haqda qərar verməyə məcbur ediblər”.

 

Baş Prokuror Kiyevin milis rəisi Valeri Koryaka və onun müavini Pyotr Fedçuk haqqında da “xidməti və vəzifə səlahiyyətlərini aşma” maddəsi ilə cinayət işi qaldırıb. Məhkəmə dekabrın 16-17-də Baş Prokurorluğun vəsatətlərinə baxacaq. 

 

Bu arada prezident Yanukoviçin tərəfdarlarının Kiyevin Avropa Meydanında aksiyası keçirilib. “Ukrainskaya pravda” saytının verdiyi məlumata görə, Ukraynanın baş naziri Nikolay Azarov çıxışında deyib ki, bəzi siyasətçilərin hakimiyyətin Ukraynanı satdığı və Gömrük İttifaqına qoşulmaqla bağlı saziş imzalayacağı haqda bəyanatları spekulyasiyadır.

 

N. Azarov bazar ertəsi Rusiya ilə danışıqları başa çatdıracaqlarını söyləyib: "Guya biz Ukraynanı satırıq, Gömrük İttifaqına imza atırıq. Mən bu spekulyasiyaları qətiyyətlə rədd edirəm”.

   

Baş nazir telekanallardan da şikayətlənib. O bəyan edib ki, televiziyalar oliqarxların əlindədir və onlar ölkədəki vəziyyətə dair doğru informasiyalar vermir, bunun nəticəsində insanlar Avropa Birliyi və Rusiya ilə münasibətlərdə hakimiyyətin addımları haqda lazımi informasiyaları ala bilmir.  

 

Müəllif | Apa.Tv
Apa.tv