Senator Con Makkeyn Kiyevdə müxalifət liderləri ilə görüşüb
Ötən gün Kiyevdə iki mitinq keçirilib. Bu dəfə müxalifətlə bərabər hakimiyyət tərəfdarları da meydanlara çıxıblar. Regionlar Partiyasının təşkil etdiyi mitinqə Luqansk, Dnepropetrovsk, Donetsk və Xarkovdan da hakimiyyət tərəfdarları gəliblər. Hakim partiya Avropa meydanına on minlərlə adam toplaşdığını bildirib.
Mitinqdə çıxış edən Ukraynanın baş naziri Nikolay Azarov Ukraynanın Avropa Birliyi ilə assosiasiya sazişini niyə imzalamadığını açıqlayıb. "Müxalifətin lideri adlandırılanlar çıxış edirlər və nağıllar danışırlar ki, saziş bu gün imzalansa sabah Avropaya vizasız gedəcəyik. Elə şey yoxdur! Biz bir neçə şərti yerinə yetirməliyik. Bu şərtlər hansılardır? Biz eynicinsli nikahları qanuniləşdirməliyik, seksual azlıqların bərabər hüquqları ilə bağlı qanun qəbul etməliyik. Cəmiyyətimiz buna hazırdırmı?".
Bu arada isə noyabrın 30-una keçən gecə müxalifətin dinc aksiyasının dağıdılmasına görə cəzalandırmalara başlanılıb. Aksiyanın zorla dağıdılması işindəki şübşəlilər arasında Kiyev milisinin rəisi və onun müavini var. Bundan başqa, Kiyev şəhər administrasiyasının rəhbəri Aleksandr Popov da səlahiyyətlərini aşmaqda şübhəli bilinir. Şübhəlilərin ev dustaqlığında saxlanılacağı istisna olunmur.
Ötən gün amerrikalı respublikaçı senator Con Makkeyn Kiyevə gedib. Rusiya əleyhinə mövqeyi ilə seçilən senator müxalifət liderləri ilə görüşüb.