2 yaşında həkim məsuliyyətsizliyinin qurbanı oldu - SOS
İndi Həsənağanın 10 yaşı var. Səkkiz il öncə yay aylarında 2 yaşlı Həsənağa qarpızdan zəhərlənir. Gecə ilə valideynləri onu zəhərlənmə diaqnozu ilə 1 saylı Yoluxucu Xəstəliklər Xəstəxanasına aparırlar.
APA TV-nin xəbərinə görə, növbətçi həkim Rəna Məmmədova xəstəni qəbul edir. Müayinə zamanı məlum olur ki, 2 yaşlı uşaq qarpızdan zəhərlənib. Elə həmin gün uşaq imalə olunur. Rəna həkim valideynlərinə deyir ki, uşağa qanının yuyulması üçün sistem köçürülməlidir, ona görə də ailə xəstəxanada gecələyir: "Uşağı xəstəxananın digər korpusuna aparıb sistem qoşdular. Anası ilə koridorda dayanıb baxırdıq, çünki otağın qapısı açıq idi. Gördüm ki, uşaq getdikcə rəngini dəyişir, qızarır. Allergiya olurdu. Gördüm uşaq şok olur, yalvardım ki, sistemi uşağın qolundan çıxarın. Həkim qışqırıb bizi palatadan bayıra çıxardı".
Səxavət Məmmədov deyir ki, onun ikinci dəfə müdaxiləsindən sonra sistemi yenidən qoşan Rəna həkim də uşağın vəziyyətinin gərginləşdiyini görür və onu reanimasiyaya aparır. Sonrada uşağı yenidən palata köçürürlər: "Gördüm uşağın dodaqları partlayıb, qan axır yarasından. Həkim belə izah etdi ki, sistem vurulub və uşağın daxilində olan problemlər özünü belə büruzə verib. Bundan sonra uşağı yenə reanimasiyaya qoydular. Burda oğlumun vəziyyəti daha da ağırlaşdı. Təxminən 10 gün uşaq reanimasiyada qaldı. Bir dəfə də olsun, həkimlər onun təzyiqini ölçməmişdilər. Məcbur olub kənar xəstəxanaların birindən reanimasiyaya başqa bir mütəxəssis apardım. Onda uşağın böyrəkləri sıradan çıxmışdı. Həmin həkim rəy yazdı ki, uşaq təcili dializ olunmalıdır".
Üç seans dializdən sonra iki yaşlı Həsənağanın böyrəklərinin funksiyası iki aya bərpa olunub: "Evə ayaqüstə gəzən, deyən-gülən 2 yaşlı oğlumu əl arabasında gətirdim. 3 aylıq müayinə və müalicədən sonra bu günə kimi oğlum nə danışa, nə də yeriyə bilir".
Övladının sağlamlığının bərpası üçün çarəsiz qalan ata evini və maşını satır. Əldə etdiyi pulla isə paytaxtın bütün xəstəxanalarında 8 ildir oğlunun dərdinə çarə axtarır. İndi Həsənağa danışmır, ciddi ağrıları olduğundan uşağı nəzarətsiz buraxmayan ailə üzvləri işləmir.
Səxavət Məmmədov 1 saylı Yoluxucu Xəstəliklər Xəstəxanasının həkimi Rəna Fəda qızı Məmmədova haqqında 2010-cu ilin sentyabr ayında Respublika Baş Prokurorluğuna şikayət edir. Hadisənin təfərrüatlarını isə Nizami Rayon Prokurorluğu araşdırır. Uzun sürən araşdırmalardan sonra təhqiqatçı tərəfləri bir araya dəvət edir və Səxavət Məmmədovdan şikayətini geri götürməyi xahiş edir. Qarşı tərəf həkim Rəna Məmmədova uşağın müalicəsinin maliyyə xərclərini öz üzərinə götürəcəyinə söz verir və haqqında qaldırılan cinayət işinə xitam verilir.
Bundan sonra Rəna xanım Məmmədovlar ailəsinə 500 manat maddi yardım göstərmək istədiyini deyir, ailə onun bu yardımından imtina edir.
İndi Məmmədovlar ailəsi Nizami Rayon Prokurorluğu tərəfindən işin daha obyektiv araşdırılması üçün təşəbbüs göstərilməsini xahiş edir. Çünki artıq 10 yaşı olan Həsənağanın müalicəsi üçün ailəsinin heç bir maddi imkanı qalmayıb.
Məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, həkim Rəna Fəda qızı Məmmədova 2011-ci ilin mart ayının 1-dən etibarən fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə işindən çıxarılıb.
Həmkarlarından onu da öyrəndik ki, Rəna Məmmədova artıq Azərbaycanda yaşamır.