Masallı "ASAN Həyat" kompleksində Novruz konserti keçirilib
Masallı "ASAN Həyat" kompleksində Novruz bayramı münasibətilə konsert proqramı təşkil olunub.
APA TV-nin cənub bürosunun məlumatına görə, bayram şənliyi bir-birindən maraqlı anlarla yadda qalıb.
Rayon sakinlərinin və "ASAN könüllüləri"nin də qatıldığı konsert proqramında iştirakçılar əyləncəli anlar yaşayıblar. İncəsənət xadimlərinin ifasında rəngarəng musiqilər konsertə toplaşanlara xoş ovqat bəxş edib.
"ASAN Xidmət"in və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konsert proqramı axşam saatlarına kimi davam edib. Belə bir konsert proqramının daha iki rayonda keçirilməsi nəzərdə tutulub.
"ASAN Xidmət"in sözçüsü Mehdi Məmmədli bildirib ki, 18-19 və 25 mart tarixlərində müvafiq olaraq Masallı, Mingəçevir və Quba "ASAN Həyat" komplekslərində Novruz şənlikləri keçiriləcək. Müvafiq tədbir Masallı Rayon İcra Hakimiyyəti və "ASAN Xidmət"in birgə təşkilatçılığı ilə keçirilir. Novruz şənliklərində tanımış incəsənət xadimlərinin, musiqiçilərin iştirakı nəzərdə tutulur.
Konsert proqramında film təqdimatı və imza günləri də nəzərdə tutulub.