Prezident İlham Əliyev Novruz şənliyində iştirak edib
Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
APA TV xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.
Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəldilər. Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. Bahar qız dövlət başçısına səməni təqdim etdi.
İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.
Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.
Dövlət başçısı bayram şənliyində nitq söylədi.
Sonra Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəldilər.
Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar. Kosa və Keçəl prezidenti və xanımını bayram münasibətilə təbrik etdilər, dövlət başçısı ilə yumurta döyüşdürdülər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxdılar.
Dövlət başçısı və xanımı “Novruz” yarmarkası ilə tanış oldular.