Əli Həsənov: "KİV bütün namizədlər üçün bərabər şərait yaratmalıdır"

Seçkiöncəsi təbliğat kampaniyası çərçivəsində namizədlərin İctimai Televiziyadakı çıxışları bu gün axşamdan etibarən başlayacaq.

 

APA TV-nin məlumatına görə, bunu Prezident Administrasiyası, MSK, Milli Teleradio və Mətbuat Şurasının təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin Seçkilərində KİV-in rol və vəzifələrinə həsr olunmuş seminar-müşavirədə MSK sədri Məzahir Pənahov deyib.

 

Sədr həmçinin İTV və İctimai Radionun namizədlərin təşviqatı üçün ayırdığı ödənişsiz efir saatlarını açıqlayıb: "Namizədlərin arzularını nəzərə alaraq radioda əvvəl, yəni saat 19:00 ətrafında, bu gün onunla bağlı yekun qərarımızı verəcəyik. Namizədlərin arzuları ondan ibarətdir ki, radiodakı veriliş televiziyadan əvvəl olsun. Televiziyada yəqin ki, biz İctimai Televiziyanın imkanlarına baxacağıq, 21-23 arası. Bununla bağlı yekun qərarımızı verəcəyik".

 

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənov isə mətbuatın bütövlükdə seçki prosesinə məsuliyyətlə yanaşmasının vacibliyini önə çəkib: "Namizədlərdən biri fəaliyyətdə olan prezidentdir, ölkə başçısıdır. Odur ki, bugünkü gündən başlayaraq elə indiyə qədərki dövrdə də, təşviqat dövründə də ölkə prezidentinin fəaliyyətinin işıqlandırılması ilə ölkə prezidentliyinə namizədin fəaliyyətinin təbliğ olunması arasındakı o nazik cizgini siz peşəkarcasına, düzgün müəyyən etməlisiniz. Sizin peşəkarlığınızdan asılıdır ki, sizin təqdim elədiyiniz, ölkə prezidentinin keçirdiyi tədbirlərdən hazırladığınız reportajlarda müşahidə missiyasının nümayəndələri qanun pozuntusu tapmasınlar".

 

Daha sonra MSK katibi Natiq Məmmədov məruzə ilə çıxış edib. Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da təbliğat və seçki prosesinin qanunlara müvafiq şəkildə mətbuatda işıqlandırılması ilə bağlı tövsiyələrini verib.

 

"Teleqraf Holdinq"in rəhbəri Aynur Camalqızı isə "Youtube"da ölkə rəhbərliyi barəsində xoşagəlməz ad və ifadələrlə videoların yerləşdirilməsindən narahatlığını ifadə edib, bununla bağlı bu sosial şəbəkənin rəhbərliyinə müraciət olunmasını təklif edib. “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilməsini, “YouTube”dakı təhqiramiz videoların qarşısının alınması istiqamətində tədbirlər görülməsini istəyib.

 

Seminara yekun vuran M.Pənahov xatırladıb ki, dairə seçki komissiyaları səsvermə günü aşkarlanan qanun pozuntuları ilə bağlı Mərkəzi Seçki Komissiyasını məlumatlandırmalıdır.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov