Azərbaycan-İran sərhədində atəş səsləri - XÜSUSİ ƏMƏLİYYAT
Azərbaycan sərhədçiləri ölkəyə külli miqdarda narkotik vasitə gətirilməsinin qarşısını alıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, martın 17-də saat 19:50 radələrində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər şəxs sərhəd naryadı tərəfindən müşahidə olunub.
Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucusu geriyə qaçmağa cəhd göstərib, havaya xəbərdarlıq atəşi açıldıqdan sonra saxlanılıb. Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 2 bağlamada 25 kq 500 qram narkotik vasitəyə oxşar maddə, 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd bıçaq aşkar olunub.
Sərhəd pozucusunun Saatlı rayon sakini, 1991-ci il təvəllüdlü Hüseynov Əsgər Soltanəli oğlu olması, onun 14 mart tarixində Biləsuvar sərhəd-nəzarət məntəqəsindən keçməklə İrana getdiyi müəyyən edilib.
Təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığında iştirakda şübhəli olan daha 3 Azərbaycan vətəndaşının şəxsiyyəti müəyyən edilib və barələrində axtarış elan olunub. 19 mart tarixində həmin şəxslərdən biri – Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini 1973-cü il təvəllüdlü Məmmədov İlham Elman oğlu şübhəli şəxs qismində saxlanılıb.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.