OPEC-in baş katibi: "İlham Əliyevə təşəkkür edirik"
"Hazırda Azərbaycanla OPEC arasında sıx əməkdaşlıq var". APA TV-nin məlumatına görə, bunu Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşdən sonra jurnalistlərə açıqlamasında energetika naziri Pərviz Şahbazov deyib.
Onun sözlərinə görə, bu əməkdaşlıq "OPEC+" formatında həyata keçirilir: "Bu təşəbbüs 2016-cı ilin sonundan başlayıb. Bu təşəbbüsün əsas məqsədi dünyada beynəlxalq neft qiymətlərinin qeyri-sabit olması, qiymətin aşağı düşməsi idi. Bu əməkdaşlıq çərçivəsində ötən dövr ərzində neftin qiymətinin müəyyən qədər yuxarı qalxması və ən əsası onun sabitləşməsi, eyni zamanda neft bazarının tarazlaşmasına nail olunub".
P.Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşdə təşəbbüsün daim qüvvədə qalması üçün müəyyən platformaların yaradılması, bu istiqamətdə digər ölkələrlə məsləhətləşmələrin aparılması və lazımı qərarların verilməsi ilə bağlı geniş fikir mübadiləsi aparıldığını bildirib.
Öz növbəsində Məhəmməd Barkindo bildirib ki, Azərbaycan OPEC-ə üzv və qeyri-üzv dövlətlərin əldə etdiyi razılaşmalarda çox əhəmiyyətli rola malikdir: "Biz çox şadıq ki, sülh və əmin-amanlığın, inkişafın olduğu ölkəyə səfər etmişik. Neft bazarında ən çətin dövrdə OPEC sövdələşməsinə razılıq verərək bazarda hasilatın balanslaşdırılmasına etdiyi köməyə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edirik. Biz Azərbaycanla neft bazarının balanslaşdırılması çərçivəsində münasibətlərimizi necə inkişaf etdirə biləcəyimizin yollarını axtarırıq”.
Cənab Barkindo əlavə edib ki, hazırda yalnız Azərbaycanla deyil, OPEC və qeyri-OPEC ölkələri ilə də gələcəkdə sabitlik üçün əməkdaşlıq müzakirə edilir, hasilatın balanslaşdırılması üçün yollar axtarılır.