Güclü külək səbəbindən bəzi rayonlar elektriksiz qaldı - DAĞINTILAR VAR

Güclü külək Ağdam və Bərdə rayonlarında ciddi fəsadlara səbəb olub. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, kökündən qopan ağaclar yüksək gərginlikli elektrik naqillərini qırıb və bu səbəbdən rayonun bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Külək Ağdamın Quzanlı qəsəbəsində və Bərdənin Soğanverdilər kəndində bəzi evlərin dam örtüyünü uçurub. Külək Quzanlı qəsəbəsində Vəkil Cəfərov və Əhliman Vəliyevin yaşadığı evin dam örtüyünü uçuraraq elektrik naqillərinin üzərinə atıb.

Güclü külək Ucarda da elektrik naqillərinin qırılmasına, elektrik dirəklərinin aşmasına səbəb olub. Buna görə də günorta saatlarından rayonun bir çox yaşayış məntəqələrinin enerji təchizatında problem yaranıb. Ucar rayon Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, təmir briqadaları aşan dirəklərin və qırılan naqillərin bərpa edilməsi istiqamətində işlər görür.

Müəllif | Apa.Tv
Apa.tv