Moldova vətəndaşı Göygöldə ağır avtoqəzaya düşdü - 2 ÖLÜ
Göygöl rayonunda, Bakı-Qazax magistral yolunun 341-ci kilometrliyində ağır yol qəzası qeydə alınıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Bolqarıstan dövlət qeydiyyat nişanlı “BMW” markalı minik avtomobilinin maneəyə çırpılması nəticəsində 2 nəfər dünyasını dəyişib.
İlkin məlumata əsasən, bir nəfər hadisə yerində keçinib. O, Moldova vətəndaşı, 1988-ci il təvəllüdlü İvan Kodreandır. Onun meyiti FHN-in xilasediciləri tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Azərbaycan vətəndaşı olduğu ehtimal edilən digər şəxs Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı BDYPİ-nin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.