Hadisəyə tələsən təcili tibbi yardım maşını da qəza törətdi - TOVUZDA
Tovuzun Düz Cırdaxan kəndində yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, "Daewoo" markalı sərnişin avtobusu ilə minik avtomobili toqquşub, bir nəfər xəsarət alıb.
Hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım avtomobili isə avtoqəzada xəsarət alan şəxsi xəstəxanaya aparan zaman Tovuz şəhərinin girəcəyində "VAZ 2106" markalı avtomobillə toqquşub.
Hər iki yol qəzası nəticəsində 3 nəfər - rayonun Düz Cırdaxan kənd sakinləri, 1954-cü il təvəllüdlü Məmmədov Aqşin Nurəddin oğlu, 1980-ci il təvəllüdlü Qəribov Seymur Sadəddin oğlu və Abulbəyli kənd sakini, 1961-ci il təvəllüdlü Nağıyev Qüdrət Həsən oğlu xəsarət alıb. Hər 3 yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qəzada yüngül xəsarət alan təcili tibbi yardım avtomobilinin sürücüsünə də ilkin tibbi yardım göstərilib.