İki gəlinin cehizi bayram gecəsi yandı - MASALLIDA GÜCLÜ YANĞIN

Bayram gecəsi Masallı rayonunda ikimərtəbəli yaşayış evi yanıb. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Mahmudavar kəndi ərazisində qeydə alınıb.

Yanğın kənd sakini Əcəbnisə Hadıyevaya məxsus, sahəsi 280 kv/m olan ikimərtəbəli 8 otaqlı evin 160 kv/m-lik hissəsini əhatə edib. Hadisə zamanı xəsarət alan olmasa da, evin içərisindəki bütün əşyalar yanaraq külə dönüb. Yananların içərisində iki ailəyə məxsus cehizlər də olub.

"Yatmışdım. Bir də gördüm ki, səs gəlir. Əvvəl elə bildim zəlzələdir. Sən demə, aşağıdan yuxarıya doğru yanırmış. Durdum gördüm tüstü otağın içərisinə dolur. Elə ancaq qapını tapıb çıxdım çölə", - ev sahibi Əcəbnisə Hadıyeva baş verənləri belə xatırlayır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv