Müxalif deputatlar parlamentdə gözyaşardıcı qaz püskürtdü
Kosovo parlamentində Çernoqoriya ilə dövlət sərhədinə dair sazişin təsdiq edilməsi məsələsi müzakirə olunarkən radikal müxalif deputatlar zalda gözyaşardıcı qaz püskürdüb.
APA TV-nin məlumatına görə, bu barədə Kosovo Televiziyası məlumat yayıb.
Müxalif deputatların məqsədi 2015-ci ildə imzalanmış sazişin təsdiqlənməsinə mane olmaq imiş. Nəticədə deputatlar iclas zalını tərk edərək gözyaşardıcı qazın təsirinin azalmasını gözləməli olub.
Qeyd edək ki, Kosovo parlamentində Çernoqoriya ilə dövlət sərhədinə dair sazişin təsdiq edilməsi üçün 120 deputatdan 80 nəfərinin sazişin lehinə səs verməsi lazımdır. Fevral ayında yetərsay olmadığı üçün parlamentin iclası baş tutmayıb.
Avropa Komissiyasının sədri Jan-Klod Yunker fevralın sonunda Kosovo parlamentini sazişi ratifikasiya verməyə çağırıb. Brüssel kosovolular üçün viza rejiminin liberallaşdırılması üçün Çernoqoriya ilə dövlət sərhədinə dair sazişin ratifikasiyasını vacib sayır.