"Hamı Putinin dərisini soymağımı gözləyir" - TRAMP TƏNQİDLƏRƏ CAVAB VERDİ

ABŞ prezidenti Donald Tramp martın 20-də Vladimir Putinə zəng edərək, Rusiya prezidenti seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

 

APA TV-nin Türkiyə mediasına istinadən xəbərinə görə, Tramp bu hadisənin yeni dövrün "bir çox problemlərinin həllinə yol açacağını" vurğulayıb.

 

Bu təbrikdən sonra Amerika mediasında Trampa qarşı sərt tənqidlər başlayıb. Etirazlara öz "Tvitter" hesabında münasibət bildirən ABŞ prezidenti "Yalan xəbərlər mediada iğtişaşa səbəb olub, çünki hamı məndən onun dərisini soymağımı gözləyir. Səhv edirlər. Rusiya və digər ölkələrlə normal münasibətlər müsbət haldır, mənfi deyil. Onlar Şimali Koreya, Suriya, Ukrayna, İŞİD, İran və digər konfliktlərdə kömək edə bilərlər" - deyə açıqlama verib.

 

Özündən əvvəlki ABŞ prezidentləri Corc Buş və Barak Obamanın Rusiya ilə münasibətləri normallaşdırmağa çalışdığını, amma buna müvəffəq olmadıqlarını vurğulayan Tramp "güc yolu ilə sülhün mümkünlüyünü" də istisna etməyib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı