FED-in qərarı nefti bahalaşdırdı - BİRJALAR ÇALXALANIR
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
APA TV-nin xəbərinə görə, gecə seanslarında "Brent" nefti 0,24% artaraq bir barel üçün 67,58 dollara, Qərbi Texas nefti isə 0,25% artaraq bir barel üçün 63,7 dollara satılıb. Səhər seanslarında isə may ayı üçün bağlanan fyuçerslər üzrə qiymətlər müvafiq olaraq 69,48 və 65,23 dollar təşkil edib. Hər iki markalı "qara qızılın" dəyəri ümumilikdə 3 faiz bahalaşıb.
Analitiklər qiymət artımının təkcə Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini artırması ilə yox, həm də ABŞ-ın neft və yanacaq ehtiyatındakı azalma ilə də əlaqələndirir. Belə ki, Energetika Nazirliyi kommersiya neft ehtiyatının ötən həftə ərzində gözləntilərin əksinə olaraq 2,6 milyon barel azaldığını açıqlayıb. Hesabatda cari ehtiyat həcminin 428,3 milyona çatdığı da qeyd olunub. Benzinin də həcmində azalma baş verib. Belə ki, ABŞ hazırda 243,1 milyon barel benzinə malikdir.
Neft bazarındakı daha bir pozitiv faktor dolların zəifləməsidir. Üstəlik, Federal Ehtiyat Sisteminin son iclası da valyutaya təsir kimi dəyərləndirilə bilər ki, bu da uçot dərəcəsindəki artımla əlaqələndirilir. Əgər dərəcələrin il ərzində daha iki dəfə artırılacağını da nəzərə alsaq, qurumun dolların kursuna təsir imkanları daha da artmış olacaq.
Bu arada OPEK+ ölkələri tərəfindən Vyana müqaviləsinin artıqlaması ilə, yəni 138 faiz həcmində yerinə yetirildiyi bildirilib.