Göygöldə 60-dək mal-qara oğurlayan dəstə ələ keçdi

Göygöl polisi rayon ərazisində bir neçə oğurluq törətməkdə şübhəli bilinən şəxsləri həbs edib.

APA TV-nin qərb bürosunun məlumatına görə, Köşkü kənd sakini Məmmədov Qismət Əhəd oğluna məxsus "VAZ-2121" markalı minik avtomobilini elə onun evinin qarşısından qaçırdığı üçün istintaqa cəlb edilən Göygöl rayonun Çaykənd kənd sakini, əvvəllər məhkum olunmuş 25 yaşlı Hüseyn Oruclunun başqa cinayətləri də üzə çıxıb.

Müəyyən edilib ki, H.Oruclu dostları - Daşkəsən rayon sakini əvvəllər məhkum olunmuş Malik Cəfərov, Göyçək Salahova və Gəncə şəhər sakini Rafiq Bayramalıyevlə birgə evlərdən mal-qara da oğurlayıb. Oğurladıqları mal-qaranı isə onlar sonradan başqa bir şəxsə sataraq pulu aralarında şərikli bölüblər.

Oğurlanmış heyvanlar aşkarlanaraq sahiblərinə qaytarılıb. Faktlarla bağlı istintaq əməliyyat tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv