Tramp ölkəsində Çin mallarının ticarətini məhdudlaşdırır
ABŞ prezidenti Donald Tramp “Çinin iqtisadi təcavüzkarlığı ilə mübarizə” haqqında memorandum imzalayıb. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, MSNBS telekanalı sənədin imzalanması mərasimini yayımlayıb.
İmzalanma mərasimində D.Tramp ticarət kəsirinin 540 mlrd. dollar həcmində olduğunu qeyd edib. D.Tramp həmçinin intellektual mülkiyyət sahəsində də acınacaqlı vəziyyətin hökm sürdüyünü qeyd edərək, bu sahədə yüzlərlə milyard dollar məbləğində “oğurluqlar”ın baş verdiyini vurğulayıb. Onun sözlərinə görə, Vaşinqton ikitərəfli münasibətlərdə tarazlığın tərəfdarıdır.
Bundan başqa, D.Tramp ABŞ ticarət nümayəndəsinə 15 gün ərzində əlavə rüsumların tətbiq ediləcəyi Çin istehsalı olan malların siyahısınının hazırlanmasına dair göstəriş verib. ABŞ həmçinin lisenziyalaşdırılma sahəsindəki pozuntularla əlaqədar Ümumdünya Ticarət Təşkilatında (ÜTT) Çinə qarşı iddia qaldırmaq niyyətindədir.