ABŞ-da ehtiyatlar azaldı - NEFT BAHALAŞIR
Dünya birjalarında neftin qiyməti artan dinamika ilə inkişaf etməkdədir.
APA TV-nin məlumatına görə, gecəni 67,58 dollardan başa vuran "Brent" neftinin qiyməti səhər seanslarında 69,55 dollar olub. Martın 22-də 63,7 dollardan satılan WTI markasının qiyməti də artıb. Hazırda bu marka üzrə fyüçerslər 64,97 dollardan bağlanır.
Analitiklər bazarın dünyada baş verən proseslərə ani reaksiyasının davam edəcəyi təqdirdə "Brent" neftinin yenidən 70 dollaradək bahalaşacağını açıqlayıb.
Bu arada Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Fəlih birjalardakı çalxalanmaya münasibət bildirib. Onun sözlərinə görə, "qara qızıl"ın yenidən dəyər qazanması OPEK+ ölkələrinin hasilatın məhdudlaşdırılması razılığını ən azı 2019-cu ilədək və ya daha uzun müddətə qüvvədə saxlaya biləcəyi ilə bağlıdır.
Üstəlik, ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırması da qiymətlərin artmasını şərtləndirən əsas amil hesab olunmalıdır. Bundan əlavə, ABŞ-ın Energetika Nazirliyi ölkədəki yanacaq ehtiyatının 2,6 milyon barel azaldığını açıqlayıb ki, bu bəyanat da bazara təsirini göstərməyə bilməzdi. Nazirliyin məlumatına görə, hazırda ölkənin balansında 243,1 milyon barel benzin var.
Qeyd edək ki, OPEK hasilatın məhdudlaşdırılması sənədinə imza atan ölkələrin şərtlərə 138 faiz həcmində əməl etdiyini açıqlayıb.