65 yaşlı kişini oğlunun əvəzinə güllələdilər - MASALLIDA
Masallıda 65 yaşlı kişiyə odlu silahdan xəsarət yetirilib. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, rayonun Qızılavar kəndində qeydə alınan hadisə zamanı kənd sakini, 1953-cü il təvəllüdlü Ağayev Ağəddin Nuru oğlu həmkəndlisi tərəfindən güllələnib.
Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan A.Ağayevdə 4 güllə yarası aşkar olunub. Güllələrdən biri onun qoluna, digər üçü isə qarın nahiyəsinə dəyib. Yaralı dərhal əməliyyata götürülüb, onun vəziyyətinin ağır olduğu deyilir.
"Xəstənin üzərində əməliyyat aparılıb, hazırda reanimasiya şöbəsindədir. Vəziyyəti ağırdır, lakin stabildir, Müalicə davam etdirilir", - deyə həkim-cərrah Ədalət Əliyev bildirib.
Hadisənin qısqanclıq zəmnində törədildiyi bildirilir. Məlumata görə, münaqişə Rusiyada A.Ağayevin oğlu ilə onu vuran şəxs və ya şəxslər arasında baş verib. Münaqişəyə Ağəddin kişi də qoşulub. Bu səbəbdən o, Azərbaycana qaçıb. Lakin sözügedən şəxslər onu təqib edərək Masallıya gəlib və oğlunu axtarıb tapa bilmədiklərindən atasını güllələyib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.