Səudiyyəli nazirdən yeni təklif - NEFT 70 DOLLARI KEÇDİ
"Brent" markalı neftin qiyməti 70 dolları keçib.
APA TV-nin məlumatına görə, dünən axşam birjalarında bu markadan olan "qara qızıl"ın qiyməti 70,20 dolları keçib, sonra isə korreksiya nəticəsində bir qədər aşağı düşüb.
Səhər saatlarında isə "Brent" markalı neftin 1 barelinin dəyəri 1,54 dollar artaraq 70,45 dollar təşkil edib.
Sonuncu dəfə "Brent" 70 dollar həddinə bu ilin əvvəlində yaxınlaşmışdı.
WTI nefti də dəyər qazanıb. Qərbi Texas markasının qiyməti 1 barelə görə 1,58 dollar yüksələrək 65,88 dollara çatıb.
İki marka arasında interval hazırda 4 dollardan yuxarıdır.
Qiymət artımına Səudiyyə Ərəbistanı enerji naziri Xalid əl-Falihin açıqlamaları təsir edib. O bildirib ki, OPEC, Rusiya və digər ölkələr hasilatın azaldılması barədə razılaşmanı 2019-cu ildə də davam etdirməlidir. 2017-ci ilin yanvarından bəri tərəflər bazarda təklifi azaltmaq üçlün hasilat həcmini gündə 1,8 milyon barel ixtisar edir.