Rusiyalı diplomatlar Avropanın daha 20 ölkəsindən qovulacaq - SİYAHI

Fransa prezidenti E. Makron Brüsseldə Almaniya kansleri A. Merkellə görüşündə Rusiyaya qarşı sərt addımlar atmağa hazır olduğunu bildirib.


APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, o, Britaniyanın Solsberi şəhərində baş vermiş hadisəni bütün Avropanın təhlükəsizliyi üçün təhdid adlandırıb: "Bu, Avropa İttifaqı və onun üzvləri tərəfindən qətiyyətli, əlaqələndirilmiş cavab tələb edir. Bir neçə ölkə, o cümlədən Fransa və Almaniya tezliklə koordinasiya olunmuş qərar qəbul edəcəklər".

 

A. Merkel də Rusiyaya qarşı ittihamlara qoşulub. Onun sözlərinə görə, bu ittihamların möhkəm əsası var. Kansler Rusiyaya qarşı mümkün addımları Fransa ilə müzakirə etdikdən sonra icra etməyə başlayacaqlarını söyləyib.

 

Britaniya mətbuatı isə Avropa İttifaqının 20 ölkəsinin analoji addımı atmağa hazırlaşdığını yazıb. İngiltərədən sonra Bolqarıstan, Almaniya, Danimarka, İrlandiya, Latviya, Litva, Niderland, Polşa, Fransa, Çexiya, Estoniya və daha 9 ölkənin rusiyalı diplomatları ərazilərindən çıxaracağı iddia olunur.

Rusiyalı diplomatların adı çəkilən ölkələrdən çıxarılması kampaniyasına martın 26-dan start veriləcəyi gözlənilir.

Xatırladaq ki, Aİ Rusiyadakı səfirini məsləhətləşmələr üçün artıq geri çağırıb.   


 

Müəllif | Apa.Tv
Apa.tv