Yol açmaq istədilər, tarix tapdılar - AĞSTAFADA

Ağstafanın Qarahəsənli kənd sakinləri kənddəki təpələrin birində yol açmaq məqsədi ilə qazıntı işləri apararkən qədim dövrlərə aid qəbirlər, məişət əşyaları və əmək alətləri aşkarlayıb. APA TV-nin Qərb bürosunun məlumatına görə, eyni ölçüdə 4 ədəd küp formasında qəbir və bu qəbirlərin içində həmin dövrlərdə istifadə olunan məişət və bəzək əşyaları, çini qabların qalıqları, əmək alətləri, insanın kəllə sümükləri aşkarlanıb.

Kənd sakinlərinin böyük marağına səbəb olan əşyaların əksəriyyəti ya sınıb, ya da eroziyaya uğrayıb.

Sakinlər deyir ki, əvvəllər də bu təpədə belə əşyaların olduğu haqda qiyabi təsəvvürə malik idilər. Ancaq sonuncu dəfə yol salmaq məqsədi ilə aparılan qazıntı işləri zamanı çıxan tapıntılar yüksəkliyin öyrənilməsinin zəruriliyini artırıb. Təpənin üzərində əvvəllər qədim tikilinin də olduğu deyilir.

Tapıntıların vacibliyini nəzərə alan kənd sakinləri qazıntı işlərini dayandıraraq ərazin öyrənilməsi üçün müvafiq qurumlara müraciət ediblər.

Müəllif | Apa.Tv
Apa.tv